13 may 2019 14:11
1999

Xocəsən-Lökbatan yolu yenidən qurulur

Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik yolların yenidən qurulması işləri çərçivəsində Xocəsən-Lökbatan yolunun 12 km-lik hissəsinin bərpası işləri davam etdirilir. Xocəsən-Lökbatan avtomobil yolu I texniki dərəcəli olmaqla 4 hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 16 metr təşkil edir.

Başlanğıcını respublikanın iki mühüm avtomobil yolu sayılan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kəsişdiyi ərazidən götürən Xocəsən-Lökbatan avtomobil yolu Binəqədi və Qaradağ rayonları ərazisindən keçir və paytaxtın mühüm nəqliyyat arteriyası hesab olunur.

 Ümumilkdə təmir-tikinti işləri çərçivəsində yol boyu 180 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır. Bundan başqa, yol boyu vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa ediləcək, mövcud səkilər isə bərpa olunaraq asfaltlanacaq və kənarlarına 3 min paqon-metr yeni səki daşı düzüləcək. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə isə yol boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və tərtib olunmuş qrafikə uyğun kompleks şəkildə görülən bu işlər bütün hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün hesablanıb.

Orxan Vahidoğlu, “İki sahil”