15 may 2019 16:58
1256

YAP gəncləri ölkənin ictimai-siyasi həyatında fəallıq göstərirlər

Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib. YAP rayon təşkilatının üzvləri konfransdan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbir YAP Ağsu rayon təşkilatının iclas zalında davam etdirilib. Konfransda YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov çıxış edərək partiyanın yaranmasından, onun ölkənin ictimai-siyasi həyatında oynadığı roldan bəhs edib. Ə.Hüseynov ölkədə gənclərə olan diqqət və qayğıdan söz açaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən dönmədən və uğurla davam etdirilir. Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclər üçün yaradılan əlverişli şəraitdən danışan YAP Ağsu rayon təşkilatının sədri bildirib ki, bu gün dövlətimiz tərəfindən gənclərə böyük qayğı göstərilir, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirib.

Daha sonra YAP rayon təşkilatının Gənclər Birliyinin sədri Elnur Fərzəlizadə hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib və bunun nəticəsində ölkədə yüksək intelektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşdığını qeyd edib. Gənclər Birliyinin sədri hesabat dövründə görülən işlər, qazanılan uğurlar barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışaraq bildirib ki, YAP rayon təşkilatına üzv olan gənclər rayonun ictimai-siyasi həyatında xüsusi fəallıq göstərirlər. Natiq çıxışında onu da qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə uğurla həyata keçirdiyi siyasi kursa uyğun olaraq YAP Ağsu rayon təşkilatının sağlam düşüncəli, vətənpərvər, yüksək intellektə və biliyə sahib gəncləri ölkəmizin inkişafı üçün daim çalışırlar. 

Fəal gənclərdən  Növcü kənd tam orta məktəbin direktoru Dilbər Məmmədova, YAP Ağsu rayon təşkilatının təlimatçısı Altun Şeydayev, Ülgüc kənd tam orta məktəbin müəllimi Leyla Bəşirova  çıxış ediblər.

Konfransda Milli Məclisinin deputatı Hadi Rəcəbli, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı, YAP Ağsu rayon təşkilatının İdarə Heyətinin üzvü  Ənvər Seydəliyev çıxış edərək ölkəmizin sosial iqtisadi, ictimai mədəni həyatında gənclərin uğurlarından, gənclərə göstərilən diqqət və qayğıdan  danışıblar.   Natiqlər ölkəmizdə ictimai-siyasi sabitlik və iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərin məhz dövlət başçısının səmərəli və yorulmaz fəaliyyəti sayəsində mümkün olduğunu diqqətə çatdırıblar. Respublikamızda gənclər üçün yaradılan böyük imkanlardan və yüksək şəraitdən danışaraq bu gün gəncliyin artıq siyasi cəhətdən formalaşmış, yetkinləşmiş səviyyədə olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə böyük diqqət və qayğı ilə yanaşıb. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan da danışan natiqlər bu gün ölkə rəhbəri cənab İlham Əliyevin gənclərə verdiyi önəmi vurğulayaraq, bütün ictimai-siyasi proseslərdə gənclərin aktiv şəkildə iştirakını qeyd ediblər.

Konfransda təşkilati məsələlərə baxılmış Elnur Fərzəlizadə YAP Ağsu rayon təşkilatı Gənclər Birliyinin  sədri seçilib. Eyni zamanda 13 nəfərdən ibarət Şuranın üzvləri, 9 nəfərdən ibarət İdarə Heyəti, sədr müavinləri, YAP Gənclər Birliyinin ümumrespublika  konfransına nümayəndələr seçilib.

Orxan Vahidoğlu, “İki sahil”