22 yanvar 2020 19:35
791

YAP güclü sosial dayaqlara malikdir 

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən namizədliyi irəli sürülmüş Mahir Abbaszadə Qaradağ rayonunun Ümüd   qəsəbəsində məskunlaşan laçınlı  seçicilərlə görüşüb.

Görüşü giriş sözü ilə açan YAP Laçın rayon  təşkilatının sədri İlqar İlyasov ölkəmizdə müşahidə olunan sürətli inkişaf prosesinin davamlılığından söhbət açıb. Bu inkişafın ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kompleks və sistemli islahatlar nəticəsində əldə olunduğunu söyləyən İ.İlyasov Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən mükəmməl iqtisadi strategiyanın ölkəmizi yüksək inkişaf yoluna çıxardığını vurğulayıb.

Çıxış edən M.Abbaszadə bildirib ki, ölkəmizin inkişafına təkan verən uzunmüddətli islahatlar proqramı Azərbaycan xalqının YAP-a olan inam və etibarının daha da möhkəmlənməsinə yol açıb. Vurğulanıb ki, YAP-ın artan nüfuzunun başlıca səbəblərindən biri də məhz güclü sosial dayaqlarının olmasıdır.

Görüşdə namizədin seçkiqabağı platforması və ölkədə aparılan islahatlar müzakirə edilib. M. Abbaszadə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərin problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdıqlarını vurğulayıb. O, qeyd edib ki, bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ölkə rəhbərliyinin yeritdiyi sosial siyasətin əsas istiqamətlərindən biridir. Mahir Abbaszadə təmsil etdiyi partiyanın fəaliyyətini Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların mahiyətinə uyğun qurduğunu deyib.

Həmçinin V çağırış Milli Məclisdəki fəaliyyəti barədə hesabat verən M. Abbaszadə ötən dövr ərzində seçicilərinin müraciətlərini daim aidiyyəti qurumlar qarşısında qaldırdığını və onların müsbət həllinə çalışdığını bildirib.

Tədbirdə çıxış edən rayon ziyalıları Murad Hüseynov, Əlövsət Məmmədov, İlham Qəhrəman, Venera Mirzəyeva, Tünzalə Abbasova, Qarabağ müharibəsi veteranı Azər Ağayev və başqaları M.Abbaszadəyə səs verəcəklərini bildiriblər.

Daha sonra Mahir Abbaszadə Laçın rayonundan məcburi köçkün, 82 yaşlı tənha qadın Zöhrə Həsənovanın evində olub, onunla söhbət edib. Səmimi keçən görüş zamanı Zöhrə Həsənova M.Abbaszadəyə seçkidə qələbə arzu edib.