06 noyabr 2019 19:22
1522

YAP Xətai rayon təşkilatında seçici imzalarının yoxlanılması həyata keçirilir

23 dekabr bələdiyyə seçkilərinin  ilkin- namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyası uğurla davam edir. Seçkilərə “Xalqa xidmət” devizi altında qatılan Yeni Azərbaycan Partiyasının bütün şəhər və rayon təşkilatları  hazırlıq prosesinin bütün mərhələlərini yüksək səviyyədə, seçki qanunvericiliyinin tələblərinə uyğun  şəkildə həyata keçirməyə səy göstərirlər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası tərəfindən qəbul edilmiş qərara əsasən, Azərbaycanda mövcud 1606 bələdiyyənin hər birini əhatə etməklə, ümumilikdə 15500 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüşdür.

YAP Xətai rayon təşkilatı bu seçki kampaniyasında da yüksək fəallığı ilə diqqət çəkir. Belə ki, artıq toplanan  seçici imzalarının yoxlanılması prosesi həyata keçirilir.

YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki, seçkidən-seçkiyə  seçicilərin fəallığının nə qədər artdığını  görürük. Təbii ki, bu fəallığa əsas verən Azərbaycanın bugünkü inkişafı, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının xalqa, dövlətə xidmət prinsipini əsas tutaraq bu istiqamətdə mühüm addımlar atması, ən əsası populizmdən uzaq olmasıdır. Ölkənin hərtərəfli inkişafında, quruculuq meydançasına çevrilməsində bələdiyyələrin rolu inkaredilməzdir. Cari ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq prosesini, seçicilərin imzatoplama kampaniyasında fəallığını ötən bələdiyyə seçkilərindən əvvəlki ab-hava ilə müqayisə etdikdə bu dəyərləndirmənin yüksək səviyyədə olduğunu görürük.

H.Mirələmov vurğuladı ki, vətəndaşlar heç bir tərəddüd etmədən, böyük həvəslə Yeni Azərbaycan Partiyasının  namizədlərinə  imza verirlər.

19 nəfər Xətai bələdiyyəsinin, 13 nəfər isə kənd Əhmədli bələdiyyəsinin üzvü olacağını qeyd edən H.Mirələmov bildirdi ki,    32 yerin hər birinə  Yeni Azərbaycan Partiyasının namizədləri irəli sürülüb. Onların qələbəsinə tam əminik.

YAP Xətai rayon təşkilatının sədri bu əminliyə əsas verən amilləri diqqətə çatdırdı. Bildirdi ki, dövlətimizin  düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  Azərbaycan biri-birindən əhəmiyyətli uğurlara imza atır. Bu uğurlarda nəinki ölkənin, regionun aparıcı təşkilatı  olan Yeni Azərbaycan Partiyasının öz payı, rolu vardır. Partiyanın 750 minə yaxın üzvünün hər biri  uğurlarımızın, bu uğurlara yol açan Heydər Əliyev ideyalarının təbliğatçılarıdır. Onların fəallığı  bələdiyyə üzvlüyünə namizədlər üçün imzaların toplanılmasında da özünü qabarıq şəkildə büruzə verir. İmzatoplama prosesi qısa müddət ərzində başa çatacaq.

Yeganə Əliyeva, “İki sahil”