21 may 2020 10:41
859

YAP Xəzər rayon təşkilatında onlayn videokonfrans

Mayın 20-də YAP Xəzər rayon təşkilatının İdarə Heyətinin onlayn videokonfransı keçirilmişdir. İlk olaraq İdarə Heyəti iclasın gündəliyinə əsasən YAP Xəzər rayon təşkilatının 2020-ci ilin I rübünün yekunlarını müzakirə etmişdir.

İclasda YAP Xəzər rayon təşkilatının COVID-19 pandemiyası ilə mübarizə məqsədilə gördüyü işlər İdarə Heyəti təfəindən yüksək qiymətləndirilmişdir. Belə ki, YAP Xəzər rayon təşkilatı pandemiya dövründə YAP İcra Katibliyinin tapşırığına əsasən olduqca əhəmiyyətli aksiyalarda fəal iştirak etmişdir. Bu aksiyalarda ehtiyacı olanlara, qocalara, tənhalara, yaşlılara tibbi ləvazimatlar, maddi yardım, ərzaq yardımları göstərilmişdir.

Onlayn tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Bu gün dünyada elə bir dövlət yoxdur ki, pandemiyanın doğurduğu dilemma qarşısında çətin durumda qalmasın. Bildiyiniz kimi, pandemiya proqnozlaşdırılan, planlaşdırılan bir problem deyildi, hansı ki, hökumət əvvəldən buna hazırlaşsın. Ancaq Azərbaycan dövləti koronavirusla mübarizədə prioritetlərini düzgün müəyyən edib. Bu gün dövlətimiz əsas gücünü vətəndaşın yaşamaq hüququna təhdid yaradan koronavirus infeksiyası ilə mübarizəyə yönəldib. Dövlət başçısının özünün qeyd etdiyi kimi, “əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı min yox, bəlkə on min, iyirmi min, bəlkə də daha çox olardı.” Dövlətin burada əsas məqsədi odur ki, vəziyyətdən az itkilərlə çıxaq, vətəndaşlara kömək göstərək, onları bu bəladan qoruyaq və sosial müdafiəsini təmin edək.

Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşünün Bəyannaməsində əksini tapan 18 maddənin hər birində də birlik, həmrəylik çağırışı özünün aydın ifadəsini tapıb.

İdarə Heyətinin onlayn video-konfransında koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində qətiyyətli addımlar atdığına, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür məktubunun ünvanlanmasına qərar verildi.

Şəmsiyyə Əliqızı, “İki sahil”