20 mart 2020 16:13
1623

Yaponiyaya xarici ölkələrdən gələnlərdən ikihəftəlik özünütəcrid karantini keçmələri xahiş ediləcək

Yaponiya hökuməti martın 21-dən başlayaraq, Avropa ölkələrindən, İrandan və Misirdən gələn şəxslərdən müstəqil şəkildə ikihəftəlik özünütəcrid karantini keçmələrinin xahiş olunması barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, bu qərar Yaponiya Nazirlər Kabinetinin martın 19-da keçirilən iclasında qəbul olunub.

Nazirlər Kabinetindən bildiriblər ki, 38 dövlətdən, o cümlədən Avropa İttifaqının üzvü olan 27 ölkədən gələn şəxslər karantin üçün ayrılmış yaşayış yerlərində və otellərdə iki həftə müddətinə yerləşəcəklər. Həmin şəxslərdən ictimai nəqliyyatdan istifadə etməmələri də xahiş olunacaq.

Qərara əsasən, müvafiq tədbir aprelin axırınadək davam edəcək.