08 dekabr 2020 12:17
1039

“YAŞAT” Fondu: Hər bir şəhid və qazi ailəsinin yanında olacağıq

Şəffaflıq prinsipinin qorunması üçün “YAŞAT” Fondu “ASAN Xidmət”in tərkibində yaradıldı. Mərkəzləşdirilmiş, gəlir və çıxarlarına nəzarət ediləcək belə bir fondun yaradılması vacib idi.

Bunu Azvision.az -a açıqlamasında “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə deyib. O bildirib ki, Vətən müharibəsi başlayandan, eləcə də daha əvvəl belə fondun yaradılması ilə bağlı təkliflər var idi.

“Cənab Prezidentə təşəkkür edirik ki, şəhid ailələri və yaralı qazilərimizə hər zaman dəyər verir. Düzdür, dövlətin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat proqramları var. Lakin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və ölkəmizdə yaşayan vətəndaşlarımızla birlikdə şəhid ailələrinə və qazilərə yardım göstərmək istəyən nə qədər könüllü var. Biz bu işi həmişə bacarmışıq. Silahlı Qüvvələrə Yardım Fonduna da insanlarımız yardım edib”.

S.Alızadənın sözlərinə görə, bu gün də şəhid ailələrinə sosial dəstək vermək, onların övladlarını yaşatmaq, yaxşı həyat bəxş etmək üçün “YAŞAT” Fondunun yaradılması gözəl ideyadır.

“Şəhidlərimiz aramızda olmasa da, qazilərimiz bədənlərinin bir hissəsini itirsə də, onları yaşatmağa söz veririk. Onların bizə qalan əmanətlərinə sahib çıxmağa söz veririk. Çalışacağıq ki, bu işi layiqincə yerinə yetirək. Hər şeyin şəffaf olmasına, fondun səsinin hər bir şəhid, qazi ailəsinə çatmasına çalışacağıq.

Artıq şəhid ailəsinin, qazinin əminliklə müraciət edəcəyi bir ünvan var. Himayəçilik şurasının üzvləri cəmiyyətin tanınan, seçilən simalarıdır və hər biri insanlarda inam yaradır”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb.