04 avqust 2020 18:57
1126

“Yaşıl dəhliz” sistemi təkmilləşdiriləcək

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Dövlət Gömrük Komitəsi arasında Əməkdaşlıq Şurasının video formatda növbəti iclası keçirilib.

Dövlət Gömrük Komitəsindən "İki sahil"ə verilən məlumata görə, Əməkdaşlıq Şurasına üzv olan tanınmış şirkətlərin rəhbərləri və  Komitənin baş idarə rəislərinin qatıldığı iclasda DGK sədrinin birinci müavini İsmayıl Hüseynov COVID-19 pandemiyasının gömrük keçid məntəqələrində yaratdığı vəziyyətlə bağlı iştirakçılara məlumat verib. Bildirib ki,  dövlət başçısının rəhbərliyi ilə ticarət–təchizat zəncirinin davamlılığının və təhlükəsizliyinin təmin olunması, ölkənin ixrac və tranzit potensialının qorunub saxlanılması məqsədilə bütün zəruri dəstək tədbirlər görülüb və hazırda sanitar epidemioloji vəziyyətin tam nəzarətdə saxlanılır. İ.Hüseynovun sözlərinə görə, ötən müddətdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və yüklərin rahat hərəkəti üçün keçid məntəqələrində lazımlı  şərait yaradılıb.  

Ölkə prezidentinin sahibkarlara dəstəyinin və diqqətinin təzahürü olan gömrük sahəsində prosedurların asanlaşdırılması və şəffaflığın təmin olunması istiqamətində işlərin bundan sonra da davam edəcəyini vurğulayan İ.Hüseynov biznes mühitinin inkişafına, gömrük xidmətlərinin sadələşdirilməsinə və tamamilə elektronlaşdırılmasına töhfə verəcək innovativ layihələrin hazırlandığını və tezliklə “Yaşıl dəhliz” sisteminin daha da təkmilləşdirilməsini açıqlayıb.  

ASK-nın vitse-prezidenti Vüqar Abbasov son bir ildə gömrük sistemində həyata keçirilən islahatların biznesin inkişafına ciddi dəstək verdiyini vurğulayıb. “Yaşıl Dəhliz” sisteminin sahibkarlar üçün yaratdığı rahatlıq və şəffaflıqla bağlı atılan addımları xüsusi qeyd edən V.Abbasov gömrük prosedurlarında sahibkarları narahat edən bəzi məsələləri diqqətə çatdırıb.

Sahibkarlardan -  “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Savaş Uzan inspektorların sahə üzrə mütəxəssiləşməsini (gömrük rəsmiləşdirilməsini yalnız müəyyən mal seqmentləri üzrə aparılmasını) təklif edib. Onun sözlərinə görə, eyni malların təkrar ekspertizaya göndərilməsi yüklərin gecikməsinə səbəb olur. “Veysəloğlu” Şirkətlər Qrupunun Biznesə dəstək üzrə baş direktoru İlqar Nuri ƏDV-nin tutulmasındakı mövcud prosedur ilə bağlı təkliflərini səsləndirib.

“Karantin müddətində Azərbaycanda heç bir məhsulun qıtlığı müşahidə olunmadı. Bu məsələdə sahibkarlarla yanaşı, Dövlət Gömrük Komitəsinin də böyük əməyi olmuşdur. Gərgin iş rejimindəki fəaliyyətinizə görə Sizə təşəkkür edirik”, - deyən İ.Nuri malların gömrük dəyərinin müəyyən edilməsindəki yubanmalarla bağlı bir neçə məsəyə toxunub. Bundan başqa, “Helmann” MMC-nin icraçı direktoru Kamran Həbibov ehtiyat hissələrinin dəyişdirilməsinə qarantiyası olan malların dəyişdirilməsi üzrə gömrük prosedurunun təkmilləşdirilməsi, malların müvəqqəti saxlanca verilməsi, investisiya təşviqi sənədi almış layihələr üzrə ölkəyə gətirilən malların bəzilərində yaranan çətinliklər barədə Əməkdaşlıq Şurasının üzvlərinə məlumat verib.

Qaldırılan məsələlər və verilən təkliflərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

DGK sədrinin müavini Cavad Qasımov sahibkarların səsləndirdiyi fikirlərlə və təkliflərlə bağlı aparılan müzakirələr zamanı qərarların icrası prosesinin izlənməsinin vacibliyini vurğulayıb.

“Məcburi qərarlar sistemi qurulur və ölkəyə gələn mallar üzrə ekspertizanın cavabları sistemləşdiriləcək, nəticədə  bu məsələlər aradan qaldırılacaq”,-deyən C.Qasımov sahibkarları narahat edən bütün məsələlər üzrə öz fikrini bildirib və bu cür görüşlərin ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.