23 iyul 2026 12:27
246

Zəhmətin zirvəsində: Hər medal mənim üçün yeni bir başlanğıcdır - MÜSAHİBƏ

Tamblinq üzrə milli komandanın üzvü Tofiq Əliyev: Azərbaycanı təmsil etmək mənim üçün ən böyük qürur və məsuliyyətdir

İdmanda zirvəyə yüksəlmək yalnız istedadın deyil, eyni zamanda sonsuz zəhmətin, güclü iradənin və tükənməz əzmkarlığın nəticəsidir. Xüsusilə tamblinq gimnastikası elə bir idman növüdür ki, burada hər detal, hər hərəkət, hər saniyə böyük əhəmiyyət daşıyır. Mürəkkəb elementlərin yüksək dəqiqliklə yerinə yetirilməsi, fiziki hazırlıqla yanaşı, möhkəm psixoloji dayanıqlıq da tələb edir. Bu səbəbdən gimnastika yalnız bədəni deyil, xarakteri də formalaşdıran idman növlərindən hesab olunur.

Son illər Azərbaycan gimnastika məktəbi beynəlxalq arenada qazandığı uğurlarla diqqət çəkir. Ölkəmizin idmançıları mötəbər yarışlarda bayrağımızı yüksəldir, Dövlət Himnimizi səsləndirərək Azərbaycan idmanının gücünü bütün dünyaya nümayiş etdirirlər. Bu uğurların memarlarından biri də tamblinq üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Əliyevdir.

"İki sahil" qəzetinə müsahibəsində idmançı gimnastikaya gəlişindən, karyerasında iz qoyan yarışlardan, beynəlxalq arenada ölkəmizi təmsil etməyin məsuliyyətindən, gələcək hədəflərindən və gənclərə tövsiyələrindən danışıb.

– Özünüzü oxucularımıza qısa təqdim edərdiniz. Gimnastika ilə tanışlığınız necə başladı və sizi məhz bu idman növünə gətirən əsas səbəb nə oldu?

– Mən Azərbaycan milli komandasının tamblinq üzrə üzvü Tofiq Əliyevəm. Uşaqlıq illərindən idmana böyük maraq göstərmişəm. Gimnastika ilə tanışlığım da məhz bu maraq nəticəsində baş tutdu. Bu idman növünün dinamikası, mürəkkəb elementləri və hər çıxışın özünəməxsus gözəlliyi məni ilk gündən özünə cəlb etdi. Vaxt keçdikcə isə gimnastika mənim üçün sadəcə idman deyil, həyat tərzinə çevrildi.

– Gimnastika yüksək intizam, dəqiqlik və estetik icra tələb edən idman növüdür. Sizcə, onu digər idman növlərindən fərqləndirən əsas xüsusiyyətlər nələrdir? Bu idman növü xarakterinizdə hansı müsbət keyfiyyətləri formalaşdırıb?

– Gimnastika hər detalın önəm daşıdığı idman növüdür. Burada kiçik bir səhv belə nəticəyə təsir göstərə bilər. Bu idman mənə intizamlı olmağı, səbir göstərməyi, daim öz üzərimdə çalışmağı və qarşıma çıxan çətinliklər qarşısında geri çəkilməməyi öyrədib. Hesab edirəm ki, gimnastikanın mənə qazandırdığı bu xüsusiyyətlər təkcə idmanda deyil, gündəlik həyatda da uğur qazanmağıma kömək edir.

– Karyeranızda dönüş nöqtəsi hesab etdiyiniz yarış və ya çıxış hansıdır? Həmin uğur gələcək məqsədlərinizə necə təsir göstərdi?

– Mənim üçün qazandığım hər medal xüsusi əhəmiyyət daşıyır. Düşünürəm ki, hər uğur yeni bir dönüş nöqtəsidir. Əldə etdiyim nəticələr motivasiyamı daha da artırır, qarşıma daha böyük məqsədlər qoymağa və həmin məqsədlərə çatmaq üçün daha çox çalışmağa sövq edir.

– Mürəkkəb elementlərin mənimsənilməsi uzunmüddətli məşq və güclü psixoloji hazırlıq tələb edir. Yarış öncəsi həyəcanı necə idarə edir və özünüzü çıxışa necə kökləyirsiniz?

– Həyəcan hər bir idmançı üçün təbii hissdir. Mən də yarışdan əvvəl həyəcan keçirirəm. Ancaq çalışıram ki, bunu təzyiq kimi yox, əlavə enerji kimi qəbul edim. Yarış zamanı bütün diqqətimi çıxışıma yönəldir, məşqlərdə gördüyüm işi eyni dəqiqliklə yerinə yetirməyə çalışıram.

– Gimnastikada texniki dəqiqlik, elastiklik və artistizm böyük əhəmiyyət daşıyır. Sizcə, uğurlu gimnastı digərlərindən fərqləndirən əsas xüsusiyyət hansıdır?

– Məncə, uğurlu gimnastı fərqləndirən ən vacib xüsusiyyət sabitlikdir. Çətin elementi bir dəfə uğurla yerinə yetirmək vacibdir, amma onu hər yarışda, hər çıxışda eyni səviyyədə icra etmək əsl peşəkarlıqdır.

– İndiyədək iştirak etdiyiniz yarışlar arasında ən yaddaqalan çıxışınız hansı olub? Həmin yarışın yaddaşınızda xüsusi yer tutmasının səbəbi nədir?

– İndiyədək iştirak etdiyim yarışlar arasında Dünya Oyunları mənim üçün xüsusi yer tutur. Bu yarış həm səviyyəsinə, həm də məsuliyyətinə görə fərqlənirdi. Orada yaşadığım hisslər, qazandığım təcrübə və keçirdiyim həyəcan karyeramın ən dəyərli xatirələri sırasında yer alır.

– Beynəlxalq arenada Azərbaycanı təmsil etmək sizin üçün nə ifadə edir? Bayrağımızın yüksəlməsi və Dövlət Himnimizin səslənməsi zamanı hansı hissləri yaşayırsınız?

– Azərbaycanı beynəlxalq arenada təmsil etmək mənim üçün böyük şərəf, qürur və məsuliyyətdir. Bayrağımızın yüksəldiyini görmək, Dövlət Himnimizin səsləndiyini eşitmək hər bir idmançının arzusudur. Həmin an bütün çəkilən zəhmətin bəhrəsini hiss edir və ölkəmə layiqincə xidmət etdiyim üçün böyük fəxr duyuram.

– Sizcə, Azərbaycanda gimnastikanın bugünkü inkişaf səviyyəsi necədir? Bu sahənin daha da inkişaf etməsi üçün hansı istiqamətlərə xüsusi diqqət yetirilməlidir?

– Hesab edirəm ki, Azərbaycanda gimnastika sürətlə inkişaf edir. Federasiya rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət, idmançılar üçün yaradılan yüksək səviyyəli məşq şəraiti və ölkəmizdə beynəlxalq yarışların mütəmadi keçirilməsi bu inkişafın əsas göstəricilərindəndir. İnanıram ki, bu dəstək gələcəkdə daha böyük nailiyyətlərin qazanılmasına imkan verəcək.

– Qarşıdakı illər üçün əsas hədəfləriniz nələrdir? Dünya və Avropa çempionatları, eləcə də Olimpiya Oyunları ilə bağlı hansı məqsədləri qarşınıza qoymusunuz?

– Əsas məqsədim Avropa və Dünya çempionatlarında həm komanda, həm də fərdi hesabda ən yüksək nəticələri əldə etməkdir. Bunun üçün hər gün əzmlə məşq edir, öz üzərimdə çalışmağı davam etdirirəm. Hər bir yarış mənim üçün yeni hədəflərə aparan mühüm mərhələdir.

– Gimnastika ilə məşğul olmaq istəyən uşaqlara və gənclərə hansı tövsiyələri verərdiniz? Bu idman növündə uğur qazanmaq üçün ilk növbədə hansı keyfiyyətlər vacibdir?

– İlk növbədə səbirli olsunlar və heç vaxt tez nəticə gözləməsinlər. Uğur qısa zamanda əldə olunmur. İntizamlı olmaq, əzmlə çalışmaq, hər gün öz üzərində işləmək və heç vaxt ruhdan düşməmək bu idman növündə uğur qazanmağın əsas şərtləridir. Əgər insan məqsədinə inanırsa və yorulmadan çalışırsa, mütləq istəyinə çatacaq.

"İki sahil" qəzeti olaraq səmimi müsahibəyə görə Tofiq Əliyevə təşəkkür edir, ona qarşıdakı yarışlarda uğurlar, möhkəm cansağlığı və yeni-yeni qələbələr arzulayırıq. İnanırıq ki, onun və digər idmançılarımızın uğurları sayəsində üçrəngli bayrağımız beynəlxalq arenalarda daim yüksəklərdə dalğalanacaq, Dövlət Himnimiz isə dünyanın ən mötəbər idman yarışlarında dəfələrlə səslənəcək. Azərbaycanın idman şöhrətinin daha da artması naminə bütün idmançılarımıza yeni zirvələr və parlaq nailiyyətlər arzulayırıq.

Yaqut Ağaşahqızı, “İki sahil”