18 sentyabr 2017 14:15
488

“Gəncə Marafonu 2017”nin əsas ideyası həmrəylik idi

Peşəkar idmançıyam və uzun illərdir uzaq məsafəyə qaçışla məşğulam. Həm ölkəmdə, həm də bir çox xarici dövlətlərdə iştirak etdiyim çoxsaylı marafon yarışlarının qalibiyəm. Azərbaycanda keçirilən marafonda isə ilk dəfədir ki, iştirak edirdim. “Gəncə Marafonu 2017”də ikinci yerə çıxsam da təəssüflənmədim.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında keçirilən “Gəncə Marafonu-2017”nin kişilər arasında ikinci yerin sahibi İran vətəndaşı Mohammed Cəfər Muradi deyib.

M.C.Muradi deyib: “idmançılar arasında ilk yerlər uğrunda rəqabət olsa da, bu marafonun əsas ideyası həmrəyliyə, dostluğa və qardaşlığa çağırış idi. Hətta məndən sonra gələn bir neçə idmançı əl-ələ tutub finiş xəttini birgə keçdilər. Bu cür yarışlarda qalibiyyət rəmzi, ideyalar isə daimidir. Çünki, marafonun əsas ideyası bəşəri yüksəlişə çağırışdır”.

Marfonun keçirildiyi şəhər və təşkilatçılar haqqında isə idmançı fikrini bu cür ifadə edib: “Yarışa ev sahibliyi edən Gəncə şəhəri gözəl, insanları isə mehriban, gülərüz və şəndirlər. Onlar ayrı-ayrı ölkələri təmsil edən qaliblər arasında heç bir fərq qoymadan, hər kəsi eyni cür coşqu ilə alqışladılar. Qalib olmadan belə, yalnız yüksək səviyyəli təşkilatçılığa görə bu cür yarışda iştirak etmək hər bir idmançı üçün fəxrdir”.