19 noyabr 2018 23:13
2809

Qarabağ bu dəfə onu xilas etməyəcək

Sarkisyanın xam xəyalları: Qarabağ bu dəfə onu xilas etməyəcək

On illik avtoritar hakimiyyətindən rüsvayçı şəkildə uzaqlaşmağa məcbur edilən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan hələ də siyasi gündəmdə müxtəlif üsullarla özünü saxlamağa çalışır. Ölkə tarixində ən pis epizodlarla “iz qoyan” Sarkisyan bununla guya siyasi səhnədən getmədiyini, hələ də güclü fiqur olduğunu xatırlatmaq niyyəti güdür.

Bu məsələdə isə hər zaman olduğu kimi, “Qarabağ kartı”ndan sui-istifadə etməyə cəhd edir. Artıq bütün siyasi rıçaqlarını itirən sabiq prezident əvvəlki illərdə olduğu kimi, yenidən Dağlıq Qarabağ mövzusunu siyasi alver vasitəsinə çevirməyə çalışır. Bu günlərdə Dağlıq Qarabağla bağlı guya radikallıq nümayiş etdirərək müxtəlif bəyanatlar səsləndirən “vurulmuş prezident” və yaxud “nakam baş nazir” bildirib ki, Dağlıq Qarabağ məsələsinin həllində Ermənistanın bir addım da geri çəkilməsinə imkan verməyəcək. Sarkisyan bildirib ki, bunun üçün lazım gələrsə, silaha da əl atılacaq. Bu, göstərir ki, Serj Sarkisyan hərbi xunta rejiminin rəhbəri olaraq səhra komandiri təfəkküründən kənara çıxa, müharibə xofu ilə erməni ictimaiyyətini manipulyasiya etmək xəstəliyindən xilas ola bilməmişdir. Nəhayət gec də olsa, erməni xalqı özü başa düşdü ki, onun ən böyük düşməni elə Serj Sarkisyandır.

Sarkisyanın bu tipli sözləri onun şəxsinə yad deyil. O, məhz Dağlıq Qarabağda başlayan seaparatçılığın üzərindən siyasi pillənin ən yüksək nöqtəsinə gəlib çatmışdı. İndi də “bəlkə bu dəfə də alındı” düşüncəsi ilə belə həssas mövzu ilə cəmiyyətdə özünə qarşı etimadı bərpa etməyə uğursuz cəhdlər edir. Ona görə ki, onun bu fikirləri ilk növbədə elə Ermənistan cəmiyyətində həm kəskin tənqidlə, həm də iztehza və ironiya ilə qarşılanıb. Ermənistan kütləvi informasiya vasitələrində və ictimai-siyasi dairələrində onun bu yalanları rişxənd doğurub. Ermənistanda fəaliyyət göstərən ekspertlərinin qənaətinə görə, Serj Sarkisyan hakimiyyəti Ermənistan tarixində talançılığı ilə qalıb. Ermənistanın yerli media vasitələrində bu barədə dərc edilən materailların birində deyilir: “Serj Sarkisyan Ermənistanda yeganə liderdir ki, onun prezidentliyi dövründə Ermənistan tərəfi ərazi itirilməsinə getmiş və dördgünlük aprel döyüşləri etibarlı döyüş hazırlığının olmaması baxımdan Ermənistan ordusunun biabırçı vəziyyətini nümayiş etdirmişdir”.

Yeri gəlmişkən, burada bir daha xatırladaq ki, S. Sarkisyanın Ermənistanda hərbi xuntasının sonunu məhz 2016-cı ilin aprel döyüşləri gətirdi. Tarixə “Dördgünlük müharibə” kimi düşən bu döyüşdə Azərbaycan Ordusunun şanlı zəfəri və böyük qəhrəmanlıqları Sarkisyanın uzun illər xalqa söylədiyi yalanlara ən böyük zərbə oldu. Erməni xalqı birdən-birə anladı ki, illərdən bəri “güclü ordu”, “yenilməz əsgər”, “güclü iqtisadiyyat” barədə söylənilənlər əslində nağıldan başqa bir şey deyilmiş. Azərbaycan Ordusunun bu zəfərindən sonra Sarkisyan qanlı iqtidarını cəmi iki il qoruya bildi. Onun hakimiyyətdən gedişi də gəlişi kimi rüsvayçı oldu. Sarkisyan 2008-ci ildə də hakimiyyətə günahsız insanların qanı üzərində gəlmişdi...

S. Sarkisyanın hakimiyyəti illəri həm də Ermənistanda sosial-iqtisadi böhranla xarakterizə olunur. Onun hakimiyyəti illərində Ermənistanın xarici borcu 10 dəfədən çox artmış, əhalinin həyat səviyyəsi xeyli pisləşmişdi. Sarkisyan hakimiyyəti üçün “məşum il” hesab edilən 2016-cı ildə artıq o, xarici borcu 4.5 milyar dollara çatırmağı “bacarmışdı”. Onun dövründə Ermənistan sürətlə boşalırdı və həmin ilin statistikasına görə, əhalinin rəyi soruşulanlarının 42 faizi ölkəni tərk etmək niyyətindədir. Ermənistanın Milli Statistika Xidmətinin açıqladığı rəsmi hesabata görə, ölkə əhalisinin az qala yarısı kasıblıq həddində yaşayır. Əgər Ermənistanda 2008-ci ildə kasıblıq 27,6 faiz olubsa, 2014-cü ildə 37 faizə qədər yüksəlib. 2015-ci ildə isə bu rəqəm 42 faizi keçib.

Göztərilən qısa xülasə S. Sarkisyanın on illik iqtidarı dövründə Ermənistana “bəxş etdiyi” həyat tərzi olub. Lakin xunta rəhbəri unudur ki, tarixi hadisələr bəzən oxşar olsa da, tarixi geri qaytarmaq mümkünsüzdür. Onun qanlı dövrü artıq sona çatıb. Bu dəfə Dağlıq Qarabağ məsələsi ilə manipulyasiya Sarkisyanı xilas etməyəcək.

Taleh Turqut, “İki sahil”