21 noyabr 2018 15:12
2534

Məktəblilərin cənub bölgəsinə səyahəti başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ölkəmizin regionlarına təşkil edilmiş maarifləndirici tur-aksiyaların növbəti mərhələsi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində cənub bölgəsinə səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olublar.

Noyabrın 21-də tur-aksiyanın Bakının Suraxanı, Xəzər, Pirallahı və Qaradağ, eləcə də Xocalı, Qax, Mingəçevir, Zaqatala, Baləkən, Kəlbəcər rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri yaşadıqları şəhər və rayonlara yola düşüblər.

Humanitar aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri yola salıblar.

Cənub bölgəsindən zəngin təəssüratla ayrılan məktəblilər ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.