15 may 2018 22:33
1825

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıblar

Mayın 15-də Təhsil Nazirliyi tərəfindən respublika fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolundan danışıb, Prezident İlham Əliyevin bu sahəyə xüsusi önəm verdiyini vurğulayıb.

Nazir ölkəmizdə təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan söz açıb.

Tədbirdə fənn olimpiadalarının nəticələri barədə məlumat verilib. Qeyd edilib ki, respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla, səkkiz fənn üzrə 9-11-ci sinif şagirdlərinin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də 9-cu siniflərlə yanaşı, bilik və bacarığını nümayiş etdirənlər olub.

Olimpiadada ümumilikdə 276 nəfər qalib elan olunub. Onlardan 45-i qızıl, 89-u gümüş, 142-si bürünc medala layiq görülüb.

Sonra qaliblərə mükafatlar təqdim edilib.