20 noyabr 2017 20:25
667

İsveçrə fondu insan beyninin əsas iş prinsiplərini araşdıracaq

Bu ilin noyabrında İsveçrənin Sürix şəhərində Mindfire Fondu fəaliyyətə başlayıb. Fondun prezidenti, neyrobioloq Paskal Kaufman bildirib ki, bu qurum insan beyninin əsas iş prinsiplərini araşdırmaqla məşğul olacaq. Bu, insan kimi düşünə və hərəkət edə biləcək əsl süni intellektin yaradılması üçün vacibdir.

AZƏRTAC “futurist.ru” saytına istinadla xəbər verir ki, alimlər biologiyadan riyaziyyatadək müxtəlif sahələr üzrə ən yaxşı mütəxəssisləri işə cəlb edəcəklər. Onlar yalnız təkmilləşdirilmiş süni intellekt deyil, həm də süni orqanizm yaradacaqlar. Bu orqanizm düşünməklə yanaşı, həm də özünü insan kimi idarə edə biləcək.

P.Kaufmanın sözlərinə görə, beyin tədqiq edilən sistemdir. Sadəcə onun əsas iş prinsiplərini müəyyənləşdirmək lazımdır. Fond işinin ilk nəticələrini 2018-ci ilin may ayında təqdim etməyi planlaşdırır.