17 noyabr 2017 21:46
1054

“Kimya problemləri” jurnalı “Web of Science” elmi bazasına daxil edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin 2003-cü ildən nəşr olunan “Kimya problemləri” jurnalının əsas məqsədi alimlərimizin tədqiqatları ilə dünya elmi ictimaiyyətini məlumatlandırmaqdır.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu günədək jurnal – “CAS”, “İndex Copernicus”, “e.Library.ru”, “CYBERLENİNKA”, “VİNİTİ”, “ResearchBib”, “DRJİ”, “ULRICHSWEB”, “SİS”, “The Journal İmpact Factor”, “İİJİF”, “Science Library İndex”, “İAEA|İNİS", "WCOSJ”, “AcademicKeys” kimi biblioqrafik, referativ bazalarda və axtarış sistemlərində yerləşdirilib.

Eyni zamanda, 2014-cü ildən jurnalın tərtibatı yüksək tələblərə uyğun hazırlanıb və “Web of Science” (Thomson Reuters) elmimetrik bazasına daxil edilməsi üçün ekspertizaya göndərilib. Bu ilin oktyabr ayında “Kimya problemləri” jurnalı “Web of Science” elmi bazasına daxil edilib.