24 yanvar 2018 00:22
879

Azərbaycan Davosa önəmli nəticələrlə gedib

Yanvarın 23-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu öz işinə başladı. Sayca 48-ci olan Forumun əsas mövzuları beynəlxalq təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyatdır.

Ümumilikdə isə hər ilin yanvarında İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu keçirilir. Forumda il ərzində dünya üçün əhəmiyyətli iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır. Bu il keçirilən Forumun əsas şüarı “Parçalanmış dünyada birgə gələcəyin yaradılması”dır.

Milli Məclisin deputatı Azər Badamov “İki sahil” qəzetinə açıqlamasında Davos İqtisadi Forumunda ölkəmizin iştirakının Azərbaycan üçün əhəmiyyətindən söz açdı. Deputat bildirdi ki, Forum Azərbaycan üçün ölkədə həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünyaya çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir: “Artıq illərdir ki, Azərbaycan bu Forumda iştirak edir. Ümumiyyətlə, Davos İqtisadi Forumu bütün dünyanın marağında olan bir Forumdur. Burada dünyanın çoxsaylı ölkələri iştirak edir, iqtisadi naliyyətləri müqayisə edir, yeni fikirlər ortaya atır, eyni zamanda qarşılıqlı fikir mübadiləsi aparır. Ölkəmizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan belə bir mötəbər Forumda təmsil olunur. Bilirsiniz ki, 2017-ci il Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar baxımından olduqca mühüm və yadda qalan bir il idi. Yəni, Azərbaycan Foruma mühüm iqtisadi islahatlarla qatılıb”.

A.Badamov, həmçinin onu da qeyd etdi ki, Davos Forumunda Azərbaycana xüsusi ehtiram göstərilməsi son zamanlarda ölkəmiz əleyhinə qarayaxma kampaniyaları ilə gündəmə gələn “Humans Right Watch”, “Freedom House” kimi qərəzli təşkilatların ölkəmizlə bağlı irəli sürdükləri qərəzli fikirlərə ən tutarlı cavabdır: “Forumdan əvvəl ölkə başçısının dünyanın bir çox tanınmış şirkətlərinin rəhbərləri ilə görüşləri oldu. Həmin görüşlərdə bütün şirkət rəhbərləri ölkə başçısını “Yeni əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tibilisi-Qars dəmiryolu xəttinin işə salınması və s. bu kimi önəmli hadisələr münasibətilə təbrik etdilər. Azərbaycan Davosa önəmli nəticələrlə gedib. Bu reallıqlar bir daha göstərir ki, Azərbaycanda gedən inkişaf dünya ölkələri tərəfindən də qəbul olunur və ölkəmiz artıq dünyada əsas strateji tərəfdarlardan biri hesab olunur. Son günlərdə Azərbaycanla bağlı daha bir qərəzli bəyanatın şahidi olduq. Təbii ki, elə təşkilatlar var ki, onların haradan və niyə maliyyələşdirilməsi hər kəsə yaxşı məlumdur. Amma buna baxmayaraq, onlar Azərbaycanla bağlı qarşıya qoyduqları məkrli siyasətlərinə çata bilmirlər. Çünki Azərbaycanda hər şey balanslaşdırılmış, düşünülmüş şəkildə inkişaf edir. Sözsüz ki, bu cür mötəbər tədbirlərdə, forumlarda ölkəmizin başçısı cənab İlham Əliyevin timsalında Azərbaycana, ölkədə gedən inkişafa xüsusi ehtiram ilə yanaşılırsa, bu, ölkəmizlə bağlı çirkin planlar quranlara ən layiqli cavabdır”.

Şəfiqə Dadaşova, “İki sahil”