17 avqust 2018 23:19
1056

Azərbaycan üzərindən böyük həcmdə yüklər Şimala və Şərqə daşınacaq

Strateji baxımdan mühüm mövqedə, Şimaldan Cənuba və Qərbdən Şərqə iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əsrlər boyu körpü rolunu oynayıb. “Şimal-Cənub” nəqliyyat dəhlizinin icrası istiqamətində mühüm addımlar atılıb. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edib, İran sərhədinə qədər dəmir yolunun tikintisini təmin edib. Eyni zamanda, dəmir yolu körpüsünü də inşa edib. Beləliklə, Azərbaycan öz ərazisində bu layihə üzrə bütün lazımi tədbirləri görüb və layihənin ümumi icrasına öz töhfəsini verməyə hazırdır.

Ölkəmizin bu dəhlizdən gözləntiləri çoxdur. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa - Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.

Özbəkistan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizində iştirak etməkdə maraqlıdır. Bunu Özbəkistanın Baş nazirinin müavini Suhrob Xolmuradov Özbəkistan-Hindistan hökumətlərarası komissiyasının 11-ci iclasında deyib. S.Xolmuradov bildirib ki, bu nəqliyyat layihəsi regionun nəqliyyat-tranzit potensialını artıra bilər. Vurğulayıb ki, Hindistan Özbəkistan, Türkmənistan, İran və Omanın iştirak etdiyi Aşqabad sazişinə də qoşulub. O əlavə edib ki, bu layihə Hindistanla Özbəkistan və Mərkəzi Asiyanın digər ölkələri ilə ticarət dövriyyəsinin artmasına xidmət edəcək.

Qeyd edək ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Hindistan, İran, Azərbaycan, Rusiya və Qazaxıstanı əlaqələndirir.

“Özbəkistanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizində iştirak etməkdə maraqlı olması strateji əhəmiyyət daşıyır. Praktiki olaraq bir neçə ölkənin bu layihədə iştirakı siyasi baxımdan da olduqca əhəmiyyətlidir”. Bu fikri “İki sahil” qəzetinə açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov bildirdi.

V.Bayramov qeyd etdi ki, eyni zamanda, adı çəkilən ölkələrin bu layihədə iştirakı iqtisadi baxımdan regionun gələcəyi üçün kifayət qədər müsbət təsirlərə malikdir: “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması üzrə işlərin gərgin getməsi göstərir ki, artıq ölkələr nəqliyyat sektorunda əməkdaşlığı genişləndirmək imkanına malikdirlər. Bəs bu dəhlizin formalaşması hansı formada olacaq? Söhbət xüsusən də Rusiya və İranın Azərbaycan üzərindən dəmir yolu xətti ilə birləşdirilməsindən gedir. Eyni zamanda, burada Azərbaycan üzərindən Rusiya və İranın nəqliyyat istiqamətində daha çox əməkdaşlığı nəzərdə tutulur. Təbii ki, Azərbaycan tranzit ölkə olaraq nəqliyyat sektorunda Rusiya və İranın əməkdaşlığına töhfə verə biləcək. Həmçinin layihənin reallaşması tranzit ölkə olaraq Azərbaycanın dövlət gəlirlərinə təsir göstərəcək”.

Ekspert bildirdi ki, bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir: “Qeyri-neft sektorunun inkişafında isə nəqliyyat və beynəlxalq yükdaşımalar əsas istiqamətlərdən bir hesab edilir. Bu, sözsüz ki, Azərbaycan üçün qeyri-neft sektorunda əldə edilən gəlirlərin həcminin artırılması, valyuta daxilolmalarına töhfəsinin genişləndirilməsi baxımından vacibdir. Eyni zamanda, təbii ki, Azərbaycanın regionda mövqeyinin gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Həmin nəqliyyat dəhlizindən istifadə etməklə İranın iş adamları yüklərini Rusiya ərazisinə çıxara biləcəklər və öz yüklərini Rusiya vasitəsilə digər şimal ölkələrinə də çıxarmaq imkanı qazanacaqlar”.

V.Bayramov əlavə etdi ki, bu, həmçinin Azərbaycan tranzit ölkə olmaq şərtilə Rusiya iş adamlarının İran üzərindən öz mallarını Yaxın Şərq bazarlarına çıxış imkanlarının əldə edilməsi deməkdir: “Nəticədə dəhlizin formalaşması imkan verəcək ki, Azərbaycan üzərindən böyük həcmdə yüklərin Şimala və Şərqə daşınmasına imkan yaransın. Azərbaycan tranzit ölkə olaraq təbii ki, bundan faydalana biləcək. Bu baxımdan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşması kifayət qədər yüksək qiymətləndirilməlidir. Sözsüz ki, sözügedən dəhlizin reallaşması Azərbaycanın dövlət gəlirlərinin formalaşması və ölkəmizin iqtisadiyyatının şaxələnməsi baxımından strateji layihələrdən biri olacaq”.

Cavid Əkbərov, “İki sahil”