20 avqust 2018 22:39
689

Xarici investisiyalar üçün cəlbedici ölkə

Son illərdə ölkəmizdə qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisinin artması, Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkəmizin investisiya imkanlarının təbliği,  sahibkarlığa dəstəyin gücləndirilməsi, əlverişli biznes və investisiya mühitinin mövcudluğu, iqtisadi fəallığın artması yerli və xarici kapitallı müxtəlif müəssisələrin yaradılmasında mühüm rol oynayıb.

Xarici investisiyaların ölkəmizin qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində atılan addımlar, təşkil olunan beynəlxalq tədbirlər,  yerli məhsulların nümayiş etdirildiyi sərgilər iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi, iş adamları arasında ünsiyyətin qurulması və əməkdaşlığın gücləndirilməsi, yeni tərəfdaşların tapılması, brendlərin tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir.

Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Son dövrlər ölkədəki siyasi sabitlik və iqtisadi inkişaf xarici dövlətlərin Azərbaycan iqtisadiyyatına uzunmüddətli sərmayə qoymaq üçün marağını daha da artırmışdır. Bunun üçün qəbul edilən qanunlar və hüquqi sənədlər xarici investorların etimadının artırılmasına xidmət edir. Azərbaycan hökuməti bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalamışdır. Hazırda ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

Yüksək iqtisadi inkişaf meyilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan verib. Bu da çox böyük rəqəmdir. Xarici sərmayələrin üstünlük təşkil etməsi bir daha göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur.

Bir müddət əvvəl Bakıda 3-cü Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumunun keçirilməsi bunun əyani sübutudur. Azərbaycandan 300, Avropa İttifaqına daxil olan ölkələrdən isə 100-dən çox iş adamının beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələrinin iştirakı ilə keçirilən forumun  ölkəmizdə bütün sahələrdə uğurla davam etdirilən islahatlar, əlverişli biznes mühiti, respublikamızın investisiya imkanlarının potensial xarici sərmayədarlara çatdırılması, investisiyaların cəlb edilməsi üzrə ən qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi sahəsində fikir mübadiləsinin, müzakirələrin aparılması Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsinə böyük töhfələr verməkdədir.

Bu günlərdə Bakıda Azərbaycan hökümətinin rəsmiləri ilə görüşən Birləşmiş Ştatlar hökumətinin Xarici Özəl İnvestisiya Korporasiyasının (OPIC) vitse-prezidenti Deyvid Bohigian bildirib ki, OPIC təbii resurslara, enerji və infrastruktur layihələrinə yönəlmiş investisiyalar vasitəsilə Azərbaycanı və onun xalqını dəstəkləməyə çalışır: “Azərbaycan və regionda ABŞ-ın daha böyük investisiyaları üçün cəlbedici imkanlar mövcuddur, bu investisiyalar özəl sektoru gücləndirərək daha yaxşı həyat və icmalar qurmağa kömək edir. Şəffaflıq, davamlılıq, keyfiyyət və yerli icma və ətraf mühitə hörməti təşviq edən investisiyalara sadiq qalmaqla Azərbaycan öz xalqı üçün müsbət bir yola sadiqdir. Azərbaycan hökuməti bu yolla hərəkət etdikcə hər iki ölkənin iqtisadiyyatına və xalqına fayda verəcək”.

OPIC hazırda Azərbaycana 11 milyon dollar sərmayə qoyub. 2013-cü ildə OPIC kənd və şəhər ərazilərində kreditlər verməsi üçün TuranBank-ın kiçik və orta sahibkarlıq portfelinin genişləndirilməsinə 7,5 milyon dollar həcmində kredit verib. Həmin kreditlərin çoxu fermerlərə və kənd təsərrüfatına fayda verib.

   Zahid Rza, “İki sahil”