26 aprel 2024 00:57
390

COP29 böyük məsuliyyətdir

Söhbət təkcə təşkilati məsələlərdən deyil, həm də nəticələrin əldə edilməsindən gedir

Aprelin 24-də Prezident İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında mühüm məsələlərə toxunaraq ölkəmizin son dövrlər əldə etdiyi uğurlardan, perspektivdə görüləcək işlərdən, o cümlədən paytaxt Bakıda təşkil olunacaq COP29 konfransına hazırlıq prosesindən, Azərbaycana belə böyük etimadın göstərilməsindən danışıb.   

Dövlət başçısı qeyd edib ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.

Son 9 ayın uğurlarından danışan dövlətimizin başçısı bildirib ki, bu dövrdə görün nə qədər heyranedici hadisələr baş verib. Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etmək üçün nəhəng addımlar atıb, bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər və kəndlər qurulur. Qazaxın kəndləri geri qaytarılır, Rusiya sülhməramlıları Azərbaycanı tərk edir. Yəni, inanılmaz hadisələr baş verib.

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi dönəmində ölkəmizdə çoxsaylı qlobal forum və konfranslar, həmçinin beynəlxalq idman yarışları keçirilib. Bütün bunlar Azərbaycanı, o cümlədən paytaxt Bakını bütün dünyanın diqqət mərkəzinə gətirib. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və inkişaf etmiş ölkələri sırasında yer alır. 

Belə mötəbər tədbirlərdən biri də bu ilin noyabr ayında Bakıda təşkil olunacaq COP29 konfransıdır. Azərbaycan dövləti iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyir. Eyni zamanda, bu, ölkəmiz üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və dövlətimizin planlarının nədən ibarət olduğunu öyrənəcəklər. COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır.

Birincisi, ona görə ki, Azərbaycan məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazanıb. Burada etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.

Ekoloji problemlər daim ölkəmizin gündəmindədir. COP29-un keçirilməsi Azərbaycana həvalə edilməmişdən əvvəl dövlətimiz ekoloji problemlərlə ciddi məşğul olurdu və iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışırdı. Hər kəs xüsusilə yayda çimərliyə gedəndə dənizin hər il geri çəkildiyini görə bilər və bu, heç vaxt belə olmamışdır. Bir vaxtlar dəniz irəliyə gəlib geri çəkilirdi, lakin bu, bir proses idi. İndi isə dəniz yalnız geri çəkilir. Bu, ətraf mühit, eləcə də ticarət üçün ciddi problemdir. Gəmilər üçün daha çox kanal qazılmalıdır və əgər Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, biz nəinki təkcə ciddi ekoloji problemlə, kommunikasiya layihələri ilə də bağlı problemlər yaşayacağıq. Çünki hazırda icra edilməkdə olan vacib layihələrdən biri - Orta Dəhliz Xəzər dənizindən keçir. Beləliklə, burada bir çox məsələlər var. Azərbaycan burada ətraf mühitin mühafizəsi ilə bağlı çoxlu işlər görür.

Həmçinin ölkəmizdə ətraf mühitin mühafizəsinə əhəmiyyət verilir. Azərbaycanda 1994-cü ildən indiyədək bütün neft əməliyyatları beynəlxalq ətraf mühit mühafizəsi standartlarına əsasən aparılır. Əsas investorlarımız dünyanın aparıcı enerji şirkətləridir və sözsüz ki, hər kəs onların ətraf mühitə diqqət yetirdiyinin yaxşı bir nümunə olduğunu bilir. Azərbaycan neft resurslarından ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün istifadə edir. Beləliklə, bu gün ölkəmiz sabit neft və artan qaz hasilatına malikdir, eyni zamanda, yaşıl enerji layihələri inkişaf etdirilir.

Bu gün qazıntı yanacağına tələbatın olmayacağını söyləmək sadəlövhlük olardı. Qazıntı yanacağına dünyada hələ uzun illər ərzində tələbat olacaq. Dünya iqtisadiyyatı və sənaye buna hazır deyil. Beləliklə, ən yaxşı hədəf sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir. Azərbaycan artıq investorlarla birlikdə yaşıl enerji layihələrinə investisiyalara başlayıb.

Bütün bunlar deməyə əsas verir ki, qlobal miqyasda vacib məsələyə çevrilmiş enerji məsələləri postneft dövrü üçün çox mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə ölkəmizdə mövcud potensial, praktiki, institusional tədbirlər, həmçinin qanunvericilik “yaşıl enerji” strategiyasının düzgün istiqamətdə aparıldığını sübut edir.

Cavid Əkbər, “İki sahil”