15 oktyabr 2018 21:40
1490

14 oktyabr - Ümumdünya Standartlar Gününə həsr olunmuş seminar keçirilib

Oktyabrın 15-də "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsin (milli standartlaşdırma qurumu) təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi" layihəsinin dəstəyi ilə 14 oktyabr - Ümumdünya Standartlar Günü ilə əlaqədar seminar keçirilib.

Seminarda çıxış edən Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Ülviyyə Abdullayeva, "Ümumdünya Ticarət Təşkilatına üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi" layihəsinin rəhbəri Marius Bordalba və başqaları dövlət və biznes qurumlarının iştirakı ilə keçirilmiş konfransda Azərbaycan Respublikasında texniki tənzimləmə və standartlaşdırma sistemində aparılan islahatlardan, ölkəmizdə milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən tədbirlərdən, bu islahatların özəl sektor və istehlakçılar üçün əhəmiyyətindən söz açıblar.

Qeyd olunub ki, texniki tənzimləmə və standartlaşdırma sahəsində aparılan islahatların əsas məqsədi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, istehsal olunan məhsulların və göstərilən xidmətlərin xarici bazarlara maneəsiz ixrac edilməsidir. Bu məqsədlərə nail olunması üçün Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən həyata keçirilmiş tədbirlər barədə seminar iştirakçılarına məlumat verilib.

Bu tədbirlər çərçivəsində qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının "Ticarətdə Texniki Maneələr Haqqında Saziş"in tələblərinə uyğunlaşdırılması məqsədilə institut tərəfindən "Texniki tənzimləmə haqqında" Qanunun və "Standartlaşdırma haqqında" yeni Qanunun layihələri Azərbaycan Respublikası Milli Məclisində birinci oxunuşdan keçirilməsi, "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı"nın layihəsinin hazırlanması, ölkəmizin standartlaşdırma üzrə beynəlxalq qurumlarda təmsilçiliyinin təmin olunması kimi məsələlər xüsusilə diqqətə çatdırılıb.