16 mart 2018 00:36
1119

Qeyri-neft ixracında müsbət dinamika

Qeyri-neft sektorunun ixrac potensialının artırılması üçün milli iqtisadiyyatın  şaxələndirilməsi və modernləşdirilməsi prosesləri, innovasiyalaşdırılması xeyli sürətləndirilib.

2016-cı ildə ölkəmizin başçısının “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq aidiyyəti qurumlar tərəfindən qeyri-neft məhsullarının ixracının artırılması və sahibkarların xarici ticarət əlaqələrinin inkişafı, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir. İxracın təşviq edilməsi sahəsində dövlətimizin başçısının imzaladığı fərman və sərəncamlar ölkəmizin iqtisadi inkişafında və xarici iqtisadi əlaqələrinin genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoyub. Təkcə 2015-ci ildə 260-dan çox biznes forum, işgüzar görüş və sərgi təşkil edilib, Qazaxıstanın Aktau şəhərində Logistik Mərkəzin inşası başa çatdırılıb. Həmçinin qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, sahibkarların ixrac-idxal əməliyyatları ilə bağlı qarşılaşdıqları problemlərin araşdırılması, bu sahədə prosedurların sadələşdirilməsi işinin əlaqəli şəkildə təşkili məqsədilə İxracatçılar Klubu fəaliyyət göstərir. İxracın təşviqi tədbirləri ilə bərabər, bu sahədə inzibati prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması təmin olunub.

2017-ci ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər, 116 ölkəyə məhsul ixrac olunub, 179 ölkədən məhsul alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici ticarət dövriyyəsi 24 milyard 257,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15 milyard 475,6 milyon dollar, idxalın dəyəri 8 milyard 782 milyon dollar təşkil edib, 6 milyard 693,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3 faiz artıb, real ifadədə isə 10,7 faiz, o cümlədən ixrac 7,1 faiz, idxal 16,1 faiz azalıb. 2017-ci ildə 1 milyard 538,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib, bu da 2016-cı ilə nisbətən faktiki qiymətlərlə 24,4 faiz, real ifadədə isə 22,2 faiz çoxdur.

Prezident İlham Əliyev  2018-cil yanvarın 29-da keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində  bildirib ki, qeyri-neft sektorunun ixracının artırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini göstərir: “Daxili tələbatı ödəmək və ixracımızı artırmaq üçün hansı sahələrə daha çox diqqət göstərilməlidir. Deməli, qida məhsulları üzrə ixracla bağlı birinci yerdə pomidor dayanır-2016-cı ildə 94 milyon dollar, 2017-ci ildə 151 milyon dollar. Fındıq- 2016-cı ildə 105 milyon dollar, 2017-ci ildə 114 milyon dollar. Xurma-2016-cı ildə 69 milyon dollar, 2017-ci ildə 91 milyon dollar. Alma- 2016-cı ildə 23 milyon dollar, 2017-ci ildə 31 milyon dollar. Kartof- 2016-cı ildə 16 milyon dollar, 2017-ci ildə 26 milyon dollar. Albalı və gilas eyni səviyyədədir -23 milyon dollar. Soğan 2016-cı ildə ixrac demək olar ki, olmayıb, 2017-ci ildə 15 milyon dollar. Bitki yağları-2016-cı ildə 10 milyon dollar, 2017-ci ildə 14,5 milyon dollar. Yəni, bu rəqəmlər onu göstərir ki, ixracda müsbət dinamika və meyillər var. Sadaladığım layihələr icra olunduqda bu dinamika daha da sürətlə gedəcək”.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, ötən il pomidor ixracı 55 faiz, kartof 63 faiz, soğan 1100 faiz, pambıq 154 faiz, pambıq lifi 650 faiz, süd məhsulları təqribən 400 faiz, meyvə və tərəvəz emalı məhsulları 54 faiz, emal olunmamış dəri 38 faiz, spirtli və spirtsiz içkilər 16 faiz, o cümlədən şərab 13 faiz, alma təxminən 200 faiz, xurma 14 faiz, nar 106 faiz, çay 50 faiz, şokolad 50 faiz, tütün məmulatları 5 faiz, bitki-heyvan mənşəli yağlar 7 faiz artıb.

Zahid Rza, “İki sahil”