16 mart 2018 00:21
1050

Suvarılmayan torpaqlara yeni nəfəs

İstənilən kənd təsərrüfatı sahəsi üçün su olduqca önəmlidir. Son illər ölkəmizdə kənd təsərrüfatının özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyduğunu nəzərə alsaq, demək olar ki, bununla bağlı meliorasiya və su təsərrüfatının da üzərinə daha böyük məsuliyyət düşür.

Hazırda respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının 85-90 faizi suvarılan torpaqları əhatə edir. Bu əmsalı 100 faizə çatdırmaq üçün meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi prosesi davam etdirilir.

Ölkəmizdə meliorasiya və irriqasiya işlərinin əsas inkişafı ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərə aiddir. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət almış, böyük su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları tikilmişdir. “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” deyən Ümummilli Lider 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra da bu sahəyə xususi diqqət yetirmişdir. Çünki yaxşı bilirdi ki, meliorasiya bolluğun, bərəkətin əsasını təşkil edir. Bu mənada ümummilli lider Heydər Əliyevi respublikamızın su təsərrüfatı və meliorasiya sahəsinin yaradıcısı və müəllifi adlandıranlar əsla yanılmırlar. Bu gün ölkə başçısı İlham Əliyev Ümummilli Liderin bu sahədəki kursunu uğurla davam etdirir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident  İlham Əliyev demişdir: “Kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görüldü. Son 14 il ərzində dörd su anbarı tikilmişdir - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları. Onların arasında əlbəttə ki, Taxtakörpü və Şəmkirçay su anbarları böyüklüyünə və kənd təsərrüfatına təsirinə görə xüsusi yer tutur. Bu, nəhəng tarixi infrastruktur layihələridir. Bu anbarlar, çəkilmiş və çəkilən kanallar on minlərlə hektar əkin sahəsini suvarmaq üçün həlledici rol oynayır. Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən infrastruktur layihələridir. Bu sahəyə qoyulan böyük vəsait, eyni zamanda, sahibkarlığa dövlət tərəfindən göstərilən növbəti dəstəyin təzahürüdür. Bu su anbarlarının kənd təsərrüfatının inkişafına çox müsbət təsiri olacaqdır və biz artıq bunu görürük.

Biz hazırda yeni layihələr üzərində işləyirik. Keçən il 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkilmişdir. Bu il də hədəf 100 min hektardır. Beləliklə, biz suvarılmayan torpaqlara həyat gətiririk, su gətiririk, fermerlərə, sahibkarlara şərait yaradırıq və kənd təsərrüfatımızın inkişafına nail oluruq”.

Suvarılan torpaqların genişləndirilməsi, məişətdə və sənayedə suya olan tələbatın artması və əlbəttə, son vaxtların iqlim dəyişiklikləri su qıtlığı kimi problemləri daha çox gündəmə gətirir. Respublikamızın iqtisadiyyatı dirçəldikcə su çatışmazlığı günün ən aktual probleminə çevrilir. Ölkə başçımız bu problemin həllini yeni sututarlarının yaradılmasında, əldə olan vasitələrdən daha səmərəli istifadə etməkdə, həmçinin təbiətdən asılılığı azaltmaq və su çatışmazlığının alternativ mənbələr hesabına aradan qaldırmaqda görür.

Bu məqsədlə mart ayının 12-də Prezident İlham Əliyev “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2018-ci ildə 300 ədəd subartezian quyusunun layihələndirilməsini və qazılmasını təmin etmək məqsədi ilə dövlət büdcəsindən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti”nə 21 milyon manat ayrılıb.

Onu da qeyd edək ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə, bu il “Taxtakörpü” və “Şəmkirçay” su anbarları zonalarında magistral və paylayıcı suvarma kanallarının tikintisi işləri davam etdiriləcək. Şəmkir-Samux-Goranboy magistral kanalının İpək yolu ilə kəsişmə qurğusunda və ondan sonra kanalın 5 kilometrə qədər hissəsində tamamlama işləri başa çatdırılacaq. Bununla da Goranboy rayonunda 8000 hektar sahə suvarma suyu ilə təmin olunacaq. Həyata keçiriləcək meliorativ tədbirlər sayəsində Biləsuvar rayonunun 1631 hektarı torpaq sahələri suvarma suyu ilə təmin ediləcək. Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdirilərək Neftçala rayonunun 12433 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, Ağcabədi rayonunda isə 1900 hektar yeni torpaq sahələrinə suvarma suyu çatdırılacaq. Eyni zamanda Neftçala magistral kanalının tikintisinin başa çatdırılması ilə 12433 hektar, “H” kanalının tikintisinin tamamlanması ilə Sabirabad rayonunda 7551 hektar sahənin su təminatı yaxşılaşdırılacaq. Su itkilərinin qarşısının alınması və su ehtiyatlarından daha səmərəli istifadə edilməsi məqsədi ilə Yuxarı Şirvan kanalının yenidən qurulması üzrə layihə sənədlərinin hazırlanması işləri davam etdiriləcək. Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin, eləcə də Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin suvarma suyu ilə təmin olunması üçün tikinti işləri davam etdirilir. Həyata keçirilən işlər nəticəsində Cocuq Mərcanlı kəndinin 400 hektar, Mirzənağılı və Qazaxlar kəndlərinin isə 280 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək. Təbii ki, bu sahədə görüləcək işlər sadalanmaqla bitmir. Digər tərəfdən, ölkəmizin suvarma sistemlərində innovativ texnologiyalardan istifadə də gündəmdədir.

Bütün bunlar isə bir daha o deməkdir ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatının əsaslı şəkildə inkişafında, əhalinin ərzaq təhlükəsiziliyinin təminatında mühüm rol oynayan meliorasiya və su təsərrüfatının kompleks inkişafını mütəmadi diqqətdə saxlayır.

Qvami Məhəbbətoğlu