15 mart 2018 16:28
1000

Azərbaycan OPEC+ formatında fəaliyyətini davam etdirmək niyyətindədir

OPEC formatında çox uğurlu fəaliyyət həyata keçirilir. OPEC-ə üzv və qeyri-üzv ölkələrin neftin hasılatının azaldılması istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində beynəlxalq bazarda neftin qiyməti əvvəlcə yüksəldi, sonra isə sabitləşdı. Neftin qiymətinin sabit qalması üçün həyata keçirilən tədbirlər davam etdirilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə müsahibəsində deyib. “Azərbaycan OPEC formatında fəaliyyətini davam etdirmək niyyətindədir”, - deyən nazir ümidvar olduğunu bildirib ki, iyun ayında Vyanada keçiriləcək OPEC ölkələrinin nazirlərinin görüşündə çox faydalı qərarlar qəbul ediləcək.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.