21 sentyabr 2017 18:04
486

Bakı-Tbilisi-Qars XXI əsrin dəmir İpək Yoludur

Çində həyata keçirilən “Bir kəmər – bir yol” layihəsi bu ölkənin iqtisadi prioritetlərindən biridir. Şərqi və Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars isə XXI əsrin dəmir İpək Yoludur.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda keçirilən beynəlxalq elmi konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Akademik vurğulayıb ki, iqtisadi inkişafına görə dünyanın lider ölkələrindən sayılan Çin həm Şərq, həm də Qərb intibahının mərkəzlərindən biri olub. Çinin inkişafına tarixi İpək Yolu böyük rol oynayıb. Qədim İpək Yolunun mərkəzində isə Azərbaycan yerləşir. Bizim eradan əvvəl Azərbaycandan keçən karvan yolları Avropadan Çinədək ticarətlə yanaşı, elm və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Bildirilib ki, Çin sivilizasiyanın beşiyidir. Bu ölkənin sivilizasiyası ancaq Misir sivilizasiyası ilə müqayisə oluna bilər. Qafqazın qədim sivilizasiya beşiyi olan Azərbaycan isə Misir və Çin sivilizasiyaları arasında körpüdür.

Azərbaycan-Çin ədəbi əlaqələrindən danışan İ.Həbibbəyli bu əlaqələrin tarixən mövcudluğunu və XXI əsrdə fərqli şəkil aldığını vurğulayıb.