21 may 2018 21:34
1182

Mingəçevir Sukanal İdarəsində mülki müdafiə məşqi

«Azərsu»  ASC-nin  2018-ci il üçün mülki müdafiə tədbirləri planına əsasən, «Birləşmiş Sukanal» MMC-nin Mingəçevir Sukanal İdarəsində «Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırilması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili»  mövzusunda obyekt  mülki müdafiə məşqi keçirilib.

«Azərsu» ASC-nin Mülki Müdafiə Qərargahının rəisi Cahangir Şərifovun rəhbərliyi ilə keçirilən təlimdə Mingəçevir Sukanal İdarəsinin rəhbər, komandir-rəis heyəti, ümumilikdə 40-dək işçi iştirak edib. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir Regional Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin rəisi iştirak ediblər.

Mülki müdafiə məşqinin keçirilməsində məqsəd fövqəladə hallarda mühafizə işləri və digər mülki müdafiə tədbirləri üzrə hazırlıq vəziyyətinin yoxlanılması olub. Təlim zamanı mülki müdafiə dəstələri şəxsi heyətlə tam komplektləşdirilib və mühafizə vasitələri ilə təchiz olunub. Maddi-texniki təchizatın və təlim yerlərində bütün mülki-müdafiə avadanlıqlarının sazlığı yoxlanılıb, imitasiya yerlərinin (dağıntı, su kəmərində qəza, zəhərlənmə, yanğın və s.) hazırlanmasına diqqət yetirilib. Məşq zamanı daldalanma yerlərinin hazırlanması, işçilərin təhlükəsiz yerlərə çıxarılması, onlara fərdi mühafizə vasitələrinin paylanması, xilasetmə işlərinin aparılması və s. kimi tədbirlərə hazırlıq vəziyyəti də yoxlanılıb.

Mingəçevir Sukanal İdarəsində yeni istifadəyə verilmiş sutəmizləyici qurğuları sahəsində məşq prosesində mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğının söndürülməsi,  zəhərlənənlərin xilas edilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və işçilərin təhlükəsiz ərazilərə təxliyyəsi işlərinin aparılması ilə əlaqədar tapşırıqları yerinə yetiriblər.

Sonda məşqin nəticələri təhlil edilib, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinə müvafiq tövsiyələr verilib.

Orxan Vahidoğlu, «İki sahil»