15 dekabr 2017 20:13
605

Uruqvay nəşrində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmindən bəhs edən məqalə dərc olunub

Uruqvayın “El Observador” nəşrində Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Emin İbrahimovun məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın qəlbində ticarətin canlandırılması baxımından önəmlidir” sərlövhəli məqalədə azərbaycanlı diplomat yenicə işə düşmüş dəmir yolu xəttinin əhəmiyyətindən və imkanlarından bəhs edir.

Diplomat bildirir ki, Bakı-Tbilisi-Qars dəmir yolu nəinki Azərbaycan, Qafqaz və Orta Asiya regionu, eləcə də bütün Avrasiya üçün böyük əhəmiyyət daşıyır. Uruqvay kimi yeni ticarət imkanları axtarışında olan ölkələr üçün də bu layihənin əhəmiyyəti var.

Müvəqqəti işlər vəkili məqalədə qeyd edir ki, Bakı-Tbilisi–Qars Azərbaycan, Türkiyə və Gürcüstanın birgə həyata keçirdiyi üçüncü böyük layihədir. Bundan əvvəl Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri inşa olunub. Hazırda isə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması üçün bu ölkələr yenə də birgə fəaliyyət göstərirlər. Diplomat vurğulayır ki, Ermənistanın bütün bu regional layihələrdən kənarda qalmasının səbəbi onun Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamasıdır.