28 oktyabr 2017 19:02
2120

Neft kapitalından insan kapitalına doğru

Siyasi ekspertlər bu gün dünyada baş verən bir çox siyasi-hərbi qarşıdurmaların səbəbini neftlə əlaqələndirirlər. Doğrudan da,  aydın görünür ki, zaman-zaman məhz neftlə zəngin olan ölkələr daha çox münaqişələrə cəlb olunublar. Ona görə ki, neft bu gün əsas enerji mənbəyi olaraq dünyadakı vacibliyini qorumaqdadır.

Düzdür, hansı ölkələr ki, neft gəlirlərindən səmərəli istifadə etməyi və neft strategiyasını zamanın tələbinə uyğun qurmağı bacarırlarsa orada münaqişələrdən yan keçmək mümkün olur.   Məhz bu amili dəqiq qiymətləndirən Prezident İlham Əliyevin sözlərinə görə, müxtəlif ölkələrin praktikası onu göstərir ki, neft pulla yanaşı, başağrısı da gətirə bilər: “Lakin neft gəlirləri insan kapitalına çevrilirsə, “qara qızıl” başağrısı yox, başucalığı gətirəcək. Artıq Azərbaycan buna nail olub.”

Burada ən önəmli məsələ isə Azərbaycan dövlətinin neft kapitalını insan kapitalına çevirməsi siyasətini uğurla davam etdirməsidir. Bu siyasətin həyata keçirilməsində, şübhəsiz ki, Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq uğurla həyata keçirdiyi proqram xarakterli iqtisadi islahatlar mühüm rol oynamışdır. Xüsusən, son 14 ildə regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş bir neçə Dövlət proqramları nəticəsində hətta ölkəmizin ən ucqar dağ kəndlərini əhatə edən yeni infrastrukturlar yaradılıb. Məhz qurulmuş bu infrastrukturlar üzərində yeni iş yerlərinin açılması, kadr hazırlığının həyata keçirilməsi, məhsuldarlığın yüksəldilməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması kimi məsələlər tədricən həll edilib.

Burada çox önəmli bir məsələni də qabartmaq lazımdır ki, 2013-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı isə artıq Azərbaycan regionlarının özünümaliyyələşdirmə imkanlarını gücləndirdi, ölkəmizin qeyri-neft sektorunun inkişafı nəticəsində ixrac potensialı yüksəldi. Xüsusilə ölkəmizə neft ixracından daxil olan valyutaya kənd təsərrüfatı və sənaye məhsullarının ixracından daxil olan valyuta da əlavə olundu.

İnsan kapitalının inkişafında təhsil  əsas amildir. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə 2007-2015-ci illər ərzində 3000-dən çox azərbaycanlı gənc dünyanın müxtəlif aparıcı universitetlərində ali təhsil almaq imkanı əldə ediblər. Ən başlıcası isə  bir çox aztəminatlı ailələrin övladları dövlət və özəl universitetlərdə dövlət vəsaiti hesabına təhsil almaq imkanları qazanıblar.

Neft kapitalının insan kapitalına çevrilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə 3 mindən çox təhsil müəssisəsi tikilmiş, yaxud yenidən qurulmuşdur. O cümlədən ən müasir avadanlıqlarla təmin edilmiş 600-dən çox tibb müəssisəsi ölkə vətəndaşlarının sağlamlığının keşiyindədir. Ən müasir infrastrukturların yaradılmasına görə Azərbaycan dövləti MDB məkanında ilk yerlərdədir. Statistik məlumatlarda bildirilir ki, dövr ərzində rayonlarımızda həyata keçirilən infrastruktur layihələrinə dövlət büdcəsindən 50 milyard dollardan çox vəsait xərclənib.

İndi bölgələrdə 40-dan çox olimpiya idman kompleksi və onlarla sosial və mədəniyyət obyektləri sakinlərin xidmətindədir. Eyni zamanda, bu müddət ərzində ölkə əhalisinin bütün kommunal problemləri həll olunub. 2400 meqavat  istehsal gücü olan 26 elektrik stansiyası tikilib, ölkənin enerji təhlükəsizliyi tam təmin edilib. Qazlaşdırma 51 faiz səviyyəsindən 92 faizə qalxıb, ölkə ərazisi, hətta sovet dövründə qaz verilməyən yaşayış məntəqələri qazlaşdırılıb. MDB məkanında yeni yolların ən çox çəkilişinə görə birinciyik. Son bir neçə ildə 11 min kilometrdən çox avtomobil yolu tikilmiş, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulmuşdur. Bu dövrdə yol infrastrukturunun təzələnməsi və müasirləşdirilməsi ölkənin bütün şəhər və rayonlarını əhatə etmişdir.

Modern dövlət quruculuğu dövründə Azərbaycan vətəndaşının sosial rifah halı həmişə diqqət mərkəzində olmuş, 1 milyon 600 mindən çox yeni iş yeri açılmış, yaşayış minimumu, orta aylıq əməkhaqqı, orta aylıq pensiya dəfələrlə artmış, əhalinin təhsil, səhiyyə, mədəniyyət, ekoloji sağlamlıq və s. xidmətlərlə təminatı yüksəlmişdir.

Bu gün Azərbaycan dövləti çox ciddi iqtisadi islahatlar aparmaqla dünyanın diqqətini cəlb etməkdədir. Məhz postneft dövründə dərin iqtisadi islahatların aparılmasının nəticəsi olaraq Azərbaycan vətəndaşının həyat səviyyəsi yeni mərhələyə qədəm qoyub. İqtisadi proqnozlara görə, 2025-ci ilədək yoxsulluq tam şəkildə aradan qaldırılacaq, qeyri-məşğul əhalinin sayı minimuma endiriləcək, ölkə üzrə yaşayış minimumundan aşağı olmayan səviyyədə pensiya, əməkhaqqı və sosial müavinətlər tam həyata keçiriləcək. Ən başlıcası isə layiqli və perspektivli iş yerlərinin sayının çoxalması minimum əməkhaqqı məbləğində işləyən insanların sayının azaldılmasına, ölkə üzrə minimum əməkhaqqının orta əməkhaqqı səviyyəsinin 60 faizə çatmasını təmin edəcək.

Neft kapitalının insan kapitalına çevrilməsinin nəticəsi olaraq vətəndaşların keyfiyyətli həyat səviyyəsinin yüksəldilməsi və ərzaq məhsulları ilə təminatının, o cümlədən qida təhlükəsizliyinin yaradılması da prioritet vəzifələrdəndir. Məhz buna görə də Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması Azərbaycan vətəndaşlarının keyfiyyətli və təhlükəsiz ərzaqla təminatına imkan verəcək.

Eyni zamanda, neft kapitalından səmərəli istifadə ölkəmizə imkan verir ki, vətəndaşların sosial problemləri həll edilsin. Bu sırada sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlar - qaçqın və məcburi köçkünlər, şəhid ailələri və Qarabağ əlilləri dövlət büdcəsi vəsaiti hesabına tikilən mənzillərlə təmin olunublar. Digər kateqoriyadan olan vətəndaşların mənzil təminatının həyata keçirilməsi üçün İpoteka fondu fəaliyyət göstərir. Prezidentin bir il öncə verdiyi Fərman əsasında yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi artıq fəaliyyətə başlamışdır və ölkəmiz üçün yeni olan sosial mənzillər layihəsini uğurla həyata keçirir. Ötən ilin dekabr ayında-Prezident İlham Əliyevin təməlini qoyduğu ilk çoxmənzilli sosial bina bu ilin sonunda istifadəyə veriləcək və 2000-ə yaxın vətəndaşımız tam təmirli, hər cür şəraiti olan mənzillərlə təmin olunacaqdır. Bu il ərzində daha 29 belə binanın Bakı şəhərində və regionlarda tikilməsi nəzərdə tutulur.

Neft kapitalının insan kapitalına çevrilməsinin nəticəsidir ki, Dünya Bankı tərəfindən dərc edilən “Doing Business” hesabatında 2009-cu ildə Azərbaycan ən islahatçı ölkə, 2016-cı ildə isə dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biri olmuşdur.

Təbii ki, bu uğurlarla qürur duymağa vətəndaş kimi hər birimizin haqqı var. Bu gözəl hissləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 3-cü ildönümünə həsr olunmuş konfransda daha məzmunlu şəkildə ifadə etmişdir: “Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır. Görürlər ki, bu müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq. Ölkəmizi bundan sonra da daha inamla qabağa aparmaq üçün biz lazım olan bütün məsələləri həll etməliyik.”

Elçin Zaman, “İki sahil”