08 may 2024 00:35
285

Fransa müstəmləkəçilik siyasətini durdurmur

Amma Avropa Parlamenti və AŞPA bu prosesi susqunluqla izləyir

Fundamental insan hüquqlarının tapdanması müasir dövr müstəmləkəçiliyinin  ən ağır təzahürüdür. Müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan etsələr də təəssüf ki, neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, ümumiyyətlə, məhəl qoymurlar. Azərbaycan isə neokolonializm siyasəti ilə üz-üzə qalmış toplumlara, xalqlara və dövlətlərə öz yardım əlini uzadır. Buna ən real misal ölkəmizin Qoşulmama Hərəkatına (QH) sədrliyi dönəmindən əsası qoyulmuş neokolonializmə qarşı aktiv mübarizə faktıdır.

Prezident İlham Əliyev QH-nın sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla yüksək tribunalardan sadalayıb. Sonuncu dəfə mayın 1-də Bakıda  “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində dövlətimizin başçısı bildirdi ki, Azərbaycan QH-nın sədri kimi hər zaman yeni müstəmləkəçilik tendensiyalarına qarşı mübarizəni təşviq edib: “Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır”.

Sirr deyil ki, neokolonializmin ən bariz nümunəsi Fransanın timsalında təzahür edir. Bu ölkədə insan hüquq və azadlıqlarına münasibət birmənalı şəkildə fərqli standartlara əsaslanır. Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu dövlət istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə almağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır. Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub.

Ən pisi isə özünü “insan hüquq və azadlıqlarının qoruyucusu”, fundamental hüquqların keşikçisi kimi qələmə verən bir sıra beynəlxalq, xüsusilə Avropa təsisatlarının bu prosesi susqunluqla izləməsidir. Avropa Parlamenti, AŞPA kimi təşkilatlar Fransanın dənizaşırılarına qarşı apardığı istismar siyasəti qarşısında susqunluq nümayiş etdirir, baş verənləri görməzdən gəlir. Onların azadlıq mübarizələrinə, azadlıq arzularına dəstək verməli olan təşkilatlar isə prosesi izləməklə kifayətlənirlər.  Bunun özü Qərbin ikili standartlarından xəbər verir.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində dövlətimizin başçısı bildirdi ki, ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır: “Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə görə siz sanksiyalar tətbiq etmirsiniz? Nəyə görə susursunuz?”

Belə bir özbaşınalıq mühitində  Fransanın çirkin addımları günü-gündən genişlənir. Məsələn, Korsikanın azadlıq mübarizəsi Fransa üçün artıq uzun illərdir ki, “baş ağrısına” çevrilib. Eyni zamanda, sərhədlərindən çox uzaqda yerləşən ərazilərə belə iddialarını davam etdirən rəsmi Paris müasir dövrdə müstəmləkə siyasəti yürütməsi ilə seçilir. Məsələn, Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası buna bariz misaldır. Mayot adası hazırda departament formasında Fransanın nəzarətində olan adadır. Mayot adası və onun ətraf bölgələrinə Qəmər Adaları İttifaqının haqlı iddiaları əsaslıdır - ada əhalisinin sayı 188 422 nəfərdir və etnik tərkib baxımından ada əhalisinin böyük əksəriyyəti qəmərlilərdir. Adada Afrika qitəsindən gələn şəxslər üstünlük təşkil edir. Həmçinin əhalinin 90 faizindən çoxu müsəlmanlardır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi isə Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanıyıb. Fransa isə beynəlxalq hüquqa hörmət göstərməyərək özünün müstəmləkəçilik siyasətindən əl çəkmir - Mayot Adası əsl sahiblərinə təhvil verilmir. Eyni zamanda, Yeni Kaledoniya, Polineziya kimi torpaqlar da Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumları sayılır. Fransa hökumətindən bu ərazidə “öz müqəddəratını təyinetmə prosesinin ədalətli və səmərəli qurulmasını asanlaşdırmaq və sürətləndirmək”, eləcə də Polineziya əhalisinin müstəqilliyə qərar verə biləcəyi referenduma və ya öz müqəddəratını təyinetmənin ara statusuna yol açmaq tələb olunub. Amma Fransa yenə də beynəlxalq hüququ ayaqlar altına alaraq özünün müstəmləkə siyasətinə son vermir.

Azərbaycan isə Fransanın müstəmləkəçilik siyasətini bütün platformalarda ifşa edir. Dövlətimiz tərəfindən başladılan antineokolonializm mübarizəsi, Bakı Təşəbbüs Qrupunun aktiv fəaliyyəti bu müstəmləkələr  üçün azadlıq yoluna çevrilməkdədir. Xatırladaq ki, 2023-cü il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Fransanın istismar etdiyi müstəmləkələrin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq üçün Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəlmiş və yekun bəyannamə qəbul edilmişdi.

Ötən il sentyabrın 22-də Nyu-York şəhərində yerləşən BMT-nin mənzil-qərargahında "Dekolonizasiya: Sakit İnqilab" adlı konfrans, ardınca oktyabrın əvvəllərində BMT Baş Assambleyasının Siyasi və dekolonizasiya məsələləri üzrə 4-cü komitəsində Bakı Təşəbbüs Qrupunun məruzəsinin dinlənilməsi və Fransanın müstəmləkə siyasətinin dünya birliyinə çatdırılması baxımdan önəmli hadisələr oldu. Həmin ilin oktyabrında isə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçilərinin iştirakı ilə "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçirilib. Belə bir konfransın keçirilməsi  təsisatın artıq müstəqil qlobal subyekt kimi özünü doğrultduğunu göstərməklə bərabər, həm də qlobal miqyasda şər yuvasına çevrilmiş Fransa ilə onun başa düşdüyü dildə danışıldığını  göstərməkdədir.

Nigar Orucova, “İki sahil”