17 avqust 2017 23:44
8795

Vətən sərhəddən başlayır

Vətən sərhəddən başlayır. Sərhədi ciddi və etibarlı qorunan Vətən həmişə əzəmətli görünüb. Eyni zamanda, sərhədi möhkəm qorunan dövlətin ticari və iqtisadi inkişafı qaçılmazdır, qlobal təhlükələrdən, xüsusən də terrorizmdən müdafiəsi etibarlıdır. Məhz bu gün sərhədlərimizin qorunması istiqamətində Azərbaycan dövlətinin əhəmiyyətli layihələri mövcuddur. Eyni zamanda qürurla qeyd etmək olar ki, ölkəmizin Silahlı Qüvvələrinin sırasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin peşəkarlıq səviyyəsi daim yüksəlməkdədir.

Qeyd edək ki, hər il 18 avqust ölkəmizdə sərhədçilərin peşə bayramı günü kimi qeyd edilir. Məhz ümummilli lider Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust Sərhəd Qoşunlarının şəxsi heyətinin peşə bayramı kimi təsis edilmişdir. Sərhədçilərin 18 avqustda peşə bayramlarının qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. 1919-cu il avqustun 18-də Azərbaycan parlamenti "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" qanun qəbul etmişdir. Ölkədə 99 sərhəd mühafizə postunun yaradılmasını nəzərdə tutan bu qanunun 1-ci maddəsində göstərilirdi ki, Azərbaycan Respublikasının sərhədlərini qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu sərhəd postları təsis edilməlidir. Bununla da Azərbaycan tarixində ilk dəfə Sərhəd Qoşunlarının yaradılmasına başlanılmışdır.

Təəssüflər olsun ki, 1920-ci ilin aprelin 28-də bolşevik Rusiyasının yenicə müstəqillik qazanmış respublikamızı işğal etməsi sərhədlərimizin mühafizəsi istiqamətində milli təcrübənin formalaşdırılmasına mane oldu. Bütün bunlara baxmayaraq 1919-cu ildə yaradılmış Sərhəd Qoşunlarının 8 aylıq xidməti vətənə və xalqa sədaqət nümunəsi kimi dəyərləndirilir.

Ötən əsrin sonlarında ikinci dəfə müstəqilliyini əldə etmiş  Azərbaycanın sərhədlərinin mühafizəsi işinə böyük önəm verən ümummilli lider Heydər Əliyev 2002-ci il iyul ayının 31-də Sərhəd Qoşunlarının Milli Təhlükəsizlik Nazirliyinin tərkibindən ayrılaraq müstəqil Dövlət Sərhəd Xidmətinin yaradılması barədə qərar qəbul etdi. Bu qərar ölkəmizin sərhədlərinin mühafizəsi işində yeni mərhələnin başlanğıcını qoydu. Dövlət Sərhəd Xidmətinin yaradılmasından sonrakı qısa müddətdə Ümummilli Liderimiz sərhədlərimizin inkişaf perspektivlərini çox böyük uzaqgörənliklə müəyyənləşdirə bildi. Xüsusən SSRİ  bir dövlət kimi süqut etdikdən sonra müstəqil Azərbaycanın sərhədçilərinə, demək olar ki, heç bir texniki vasitə qalmamışdı. Ölkəmizi tərk edən sovet sərhədçiləri mövcud texnika və vasitələri özləri ilə aparmış, qalanlarını isə yararsız hala salmışdılar. Belə bir vəziyyətdə ölkəmizin sərhədlərinin mühafizəsini öz üzərinə götürən milli sərhədçilərimiz böyük fədakarlıqlar göstərərək peşəkar Sərhəd Xidməti yarada bildilər. Bu gün  respublikamız İranla 765 kilometr, Türkiyə ilə 15 kilometr, Rusiya ilə 391 kilometr, Gürcüstanla 471 kilometr, Ermənistanla 1007 kilometr sərhədə malikdir  Su sərhədi isə 825 kiolometrdir

Sonrakı dövrlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Sərhəd Qoşunlarının formalaşması, ixtisaslı kadrlarla təmin edilməsi, yeni sərhəd strukturlarının yaradılması, ən müasir texnika, ləvazimat və vasitələrlə təchizatı sürətlə aparıldı. Xüsusilə qeyd edilməlidir ki, sərhədlərimizin etibarlı qorunması üçün ölkə başçısının "2006-2010-cu illərdə Azərbaycan sərhəd mühafizəsinin texniki inkişafına dair Dövlət Proqramı"nın imzalamasından sonra dövlət sərhədlərimizin toxunulmazlığı istiqamətində ciddi işlər həyata keçirildi. Belə ki, bu illər ərzində yeni sərhəd məntəqələrinin tikintisinə, mühəndis-texniki qurğuların bərpası və yaradılmasına, qoşunların döyüş və səfərbərlik hazırlığının yüksəldilməsinə, idarəetmə infrastrukturunun müasir tələblər səviyyəsinə qaldırılmasına, buraxılış məntəqələrində sərhəd nəzarətinin səviyyəsinin yüksəldilməsinə, kadrların təkmilləşdirilməsinə, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılmasına nail olunmuşdur. Nəticədə son bir neçə ildə beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizədə xeyli uğurlar qazanılmışdır. Məhz son 10 ildə  Şəmkir, Zaqatala, Şəki, Horadiz və digər sərhəd dəstələrinin, Səngəçal aviadəstəsinin qarnizon kompleksləri tikilib istifadəyə verilmişdir. Bu qarnizonlarda sərhədçilər üçün tikilən çoxmərtəbəli və rahat yataqxanalarda təchizat yüksək səviyyədədir. Yataqxanalarda bütün tələblərə cavab verən məişət otaqları, eləcə də asudə vaxtın səmərəli keçirilməsinə imkan verən istirahət otaqları vardır. Müasir avadanlıqlarla, mebel və kompyuter texnikası ilə təchiz olunmuş qərargah binaları zabit heyətinə işləri yüksək səviyyədə qurmağa imkan verir. Qarnizonlardan əlavə, sərhədlərimizdə yüzlərlə sərhəd zastavaları və komendantlıqları, sahil mühafizə məntəqələri tikilib sərhədçilərin istifadəsinə verilmişdir. Əksəriyyəti magistral yollardan xeyli uzaqda, dağlarda tikilmiş sərhəd zastavaları əslində müasir sərhəd məntəqələri kompleksləridir. Aparılan tikinti işlərinin arasında çoxsaylı xüsusi obyektləri, sərhədçilərin hazırlanması üçün təlim-tədris mərkəzlərini xüsusi qeyd etmək lazımdır. Müvafiq avadanlıqlarla təchiz edilmiş, yüksək şəraitə malik olan həmin obyektlərdə hər il yüzlərlə sərhədçi öz peşəsinin incəliklərinə dərindən yiyələnir və ya ixtisasartırma kurslarından keçərək dövlət sərhədlərimizi daha böyük peşəkarlıqla mühafizə edir.

Dəniz sərhədlərinin mühafizəsinin səviyyəsini qaldırmaq üçün müasir tipli radar qurğuları və rabitə vasitələri quraşdırılıb ki, bu da şəxsi heyətə xidməti vəzifələrini daha yüksək səviyyədə yerinə yetirməyə imkan verir. Dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi, dənizdə neft-qaz infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, axtarış və xilasetmə işlərinin səviyyəsinin yüksəldilməsi üçün sərhəd gözətçi gəmiləri müasir naviqasiya və aşkaretmə avadanlıqları ilə təchiz edilib.

Zabit heyətinin komplektləşdirilməsi xüsusi diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Prezidenti  İlham Əliyevin Sərəncamı ilə 2007-ci il iyun ayının 12-də yaradılan Dövlət Sərhəd Xidmətinin Akademiyası ixtisaslı ali hərbi təhsilli zabit kadrlarının, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanmasında mühüm rol oynamaqla sərhədlərimizin daha mükəmməl şəkildə qorunmasını təmin edir.

Bu illər ərzində Dövlət Sərhəd Xidmətinin beynəlxalq əlaqələri də xeyli genişlənmişdir. Belə ki, beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi istiqamətində NATO, Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı, ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar üzrə Bürosu, Sərhəd Xidməti Orqanlarının Beynəlxalq Şiofok Konfransı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, AEBA və digər təşkilatlarla qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri qurulmuşdur. Çox böyük qürurverici faktdır ki, bu gün Dövlət Sərhəd Xidməti yalnız mövcud qabaqcıl təcrübəni öyrənib həyata keçirmir, həm də bir çox ölkələrin sərhəd qurumları sərhədçilərimizin zəngin  təcrübəsindən yararlanırlar.

Azərbaycan sərhədçiləri bu gün çox şərəfli bir missiyanın öhdəsindən layiqincə gəlirlər. Onlar Vətən qarşısındakı borclarını fədakarcasına yerinə yetirirlər. Əslində onların bu işi Azərbaycan dövlətinin müstəqilliyinin daimi və əbədi olmasına böyük töhfədir. Lakin təəssüflənərək qeyd edirik ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən 20 faiz torpaqlarımızın işğal edilməsi nəticəsində İran İslam Respublikası ilə sərhədimizin 132 kilometrinə nəzarət edə bilmirik. Eyni zamanda, Ermənistanla sərhəd olmalı ərazilərimiz indi cəbhə xəttidir, səngərlərdir. Lakin bu bir həqiqətdir ki, ermənilərin xristian ölkələrinə güvənərək işğal etdikləri Azərbaycan torpaqları məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və ordumuzun qalibiyyətli döyüşləri nəticəsində yaxın zamanlarda azad ediləcəkdir. Məhz bu işğalçı ölkənin darmadağın olmasından sonra Azərbaycan dövləti Ermənistan və İran İslam Respublikası ilə sərhədlərdə ən müasr zastavalarını tikərək sərhədlərimizi etibarlı şəkildə qoruyacaqlar.

Elçin Zaman, “İki sahil"