17 oktyabr 2018 13:44
1541

Böyük sənət yolunda ilk uğurlu addımlar

Musiqi insanı ehtizaza gətirir, onda ülvi hisslər formalaşdırır, xoş ovqat, nostalji hisslər yaşadır... Bu sahə ilə məşğul olanlar insanlara vətənpərvərlik və humanizm aşılayırlar. Ona görə də belə deyim var ki, musiqi sərhəd tanımır, keçilməz sərhədləri belə yarıb keçir.

Hələ gənc olmasına baxmayaraq çoxlu samballı uğurlara imza atmış Prezident təqaüdçüsü, bir sıra  beynəlxalq müsabiqələrin qalibi, istedadlı skripkaçı Aytən İbrahimova milli musiqimizi ölkəmizin sərhədlərindən uzaqlarda sevdirməyi bacarır. Tanışlıq üçün bildirək ki, Aytən Üzeyir  Hacıbəyli  adına  Bakı Musiqi Akademiyasının IV kurs tələbəsidir.   Aytən musiqiçilər ailəsinin yetirməsidir. Atası Ümid İbrahimov respublikanın tanınmış tar ifaçısı, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri kafedrasının müdiridir. Anası Sevinc xanım piano ifaçısı, Bakı Humanitar Liseyinin müəllimidir. Ailənin hazırda hərbi xidmətdə olan oğul övladı Ağasəf  isə Azərbaycan Texniki Universitetinin məzunudur.

Aytən ailənin sonbeşiyidir və hələ uşaq yaşlarından istedadı özünü göstərib. Oyuncaq skripka ilə məşğul olan balaca qızcığazın böyüdükcə bu musiqi alətinə bağlılığı daha da artıb və ömrünü simfonik musiqiyə həmişəlik bağlamağı qərara alıb.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alarkən həm  valideynləri, həm də müəllimləri inanırdılar ki,  vaxt gələcək ki, Aytən simfonik musiqi sahəsində öz sözünü deyəcək, tanınacaqdır. Zaman hamının gümanlarını doğrultdu. O, hələ ikinci sinifdə oxuyarkən Kövkəb Səfərəliyevanın yaradıcılığına həsr olunan  Gənc İfaçıların  V Festivalında uğur qazanaraq Tərifnamə ilə təltif olunub. Daha önəmlisi isə festivalın münsiflərinin ona dedikləri “Ustadına əhsən!” sözləri olub. Bu sözlər Aytənin sonrakı uğurları üçün bir tramplin olub desək, heç də səhv olmaz.

Aytən İbrahimova ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunan Gənc İfaçıların I Respublika Müsabiqəsində anşlaqla çıxış edərək I yeri tutub, laureat adını qazanıb. Oradakı çıxışı ölkəmizin məşhur sənət adamlarının diqqətini cəlb edib. Sonrakı ildə Bakıda Almaniyanın Cappelhaus Mədəniyyət Mərkəzində solo-konserti təşkil edilib. Elə həmin il Aytən 10 istedadlı uşaqdan biri kimi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən  qiymətli hədiyyəyə  layiq görülüb. Gənc istedadlı tələbənin ifaçılıq diapozonu bundan sonra daha da genişlənib, 2010-cu ildə Nazim Əliverdibəyov adına V Ümumşəhər Müsabiqəsindəki çıxışı “Qran-Pri”  mükafatına layiq görülüb. Ardınca Xalq artisti Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə çıxış edib və K.Sen-Sans skripka və orkestr üçün konsert ifa edib. Aytənin uğurlarını saymaqla qurtarmır. O, dahi Bethovenin skripka və opkestr üçün konsertini, Çaykovskinin skripka və orkestr üçün konsertini, Vivaldinin “Dörd fəsil” konsertini bütünlüklə və digər böyük həcmli əsərləri  öz skripkasında səsləndirib. O, ümumiyyətlə,  Azərbaycan, rus dünya və Avropa bəstəkarlarının əsərlərini böyük həvəslə ifa edib.

Xatırladaq ki, gənc skripkaçının  mükafatları çoxdur. O dəfələrlə dünyaşöhrətli musiqiçilərdən ustad dərsləri alıb. Polşa, Fransa, Hollandiya, Danimarka, Almaniya, Belçika, İspaniya, Gürcüstan və Ukraynada Azərbaycanı layiqincə təmsil edib. Aytənin ən böyük mükafatı 2014-cü ildə “Gənc istedadlara  dövlət qayğısı haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmana uyğun olaraq onun Prezident təqaüdünə təqdim edilməsidir. Fərəhlidir ki, İbrahimova Aytən Ümid qızının adı Azərbaycanın gənc istedadlarının “Qızıl  kitabı”na yazılıb. Bu, İbrahimovlar ailəsinin, təhsil aldığı akademiyanın kollektivinin, tələbə yoldaşlarının, rəfiqələrinin sonsuz sevincinə səbəb olub.

Göründüyü kimi, gənc skripkaçı Aytən İbrahimova böyük sənət yollarında ilk uğurlu addımlarını inamla atır. İnanırıq ki, yaxın gələcəkdə onun da sənət ulduzu  dünyanın tanınmış sənət ulduzları ilə eyni səmada parlayacaq.

Rəhilə Misirxanlı,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü