23 yanvar 2018 17:32
1154

Futbol menecerlərinə sertifikat təqdim olunub

Yanvarın 23-də AFFA-nın inzibati binasında Lisenziyalaşdırma qrupunun təşkilatçılığı ilə “Lisenziyalaşdırma üzrə menecerlər üçün kurs” çərçivəsində keçirilmiş imtahanı müvəffəqiyyətlə verən iştirakçıların təltifetmə mərasimi olub.

Əvvəlcə iştirakçılara imtahanın nəticələri ilə bağlı statistik məlumat verilib. Daha sonra AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev sertifikatları təqdim edib.

Keçirilmiş kurs çərçivəsində klub nümayəndələri Lisenziyalaşdırma qrupu tərəfindən hazırlanmış video dərslərlə tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, imtahan ötən il dekabrın 18-də keçirilib. İmtahanda iştirak edə bilməyən, eləcə də minimum bal səddini keçə bilməyən iştirakçılar üçün bu il yanvarın 8-də təkrar imtahan təşkil olunub. İmtahanda, ümumilikdə 21 nəfər iştirak edib ki, onlardan 5-i təkrar qatılıb. Yekunda bütün futbol menecerləri müvəffəqiyyət qazanıb. Üç iştirakçı - Eldəniz Ağayev, Hicran Qasımov və Zöhrab Hacıyev imtahan zamanı yüksək nəticə göstərdiyinə görə fərqlənmə sertifikatı ilə təltif olunub.