12 iyul 2018 19:59
957

Aydın Hüseynov: Azərbaycan xalqı bədxah qüvvələrə sabitliyi pozmağa imkan verməyəcək

Xəbər verildiyi kimi, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü şəxslərin  Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmaq cəhdi  xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevin və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun şəhid olması ilə nəticələndi. Bu iğtişaşlar geniş ictimaiyyət tərəfindən böyük  hiddətlə qarşılandı.

Məlum hadisələrlə bağlı “İki sahil”ə açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov Gəncədə terror aktı  törədənlərin əməllərini kəskin şəkildə pislədiyini bildirdi: “Gəncədə iğtişaş törədənlər birbaşa Azərbaycan dövlətçiliyinin maraqlarını hədəfə alıblar.  Bütün bunlar Azərbaycanda sabitliyi pozmağa  yönəlmiş hərəkətlərdir və bu hərəkəti törədənlər qanun qarşısında cavab verəcəklər”.  

Aydın Hüseynov bildirib ki, Azərbaycanın gündən-günə inkişaf etməsi, yeni nailiyyətlərə imza atması, Prezident İlham Əliyevin müstəqil siyasət yürütməsi bəzi bədxah qüvvələri çox narahat edir: “Azərbaycan bu gün iqtisadi yüksəliş dövrünü yaşayır. Azərbaycan güclü iqtisadiyyat qurub.  Cənab Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı kimi, biz bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik.

Azərbaycan son 15 ildə analoqu olmayan bir templə inkişaf yolu keçib. İqtisadi sahədə son statistik rəqəmlərə nəzər saldıqda böyük artım müşahidə edirik.  

“Cənub Qaz Dəhlizi”nin reallaşması  Azərbaycanın son dövrlərdəki böyük nailiyyətlərindəndir. Bildiyiniz kimi, may ayında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı olub. İyun ayında isə TANAP-ın rəsmi açılışı baş tutub.  

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində beynəlxalq əlaqələrimiz genişlənir və möhkəmlənir. 

Son dövrlərdəki uğurlar siyahısında Azərbaycanın hərbi potensialının əyani sübutu olan möhtəşəm hərbi paradın keçirilməsini xatırlatmaq istərdim. Paradda Azərbaycan Milli  Ordusunun  maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular cərgəsində olması bir daha nümayiş etdirildi.

Azərbaycanın bütün bu  sadalanan  uğurları həm erməni dəyirmanına su tökən ünsürləri, həm din pərdəsi altında gizlənib öz mənfur niyyətlərini həyata keçirmək istəyən ekstremistləri, həm də  vaxtilə Azərbaycanda cinayət törədib sonra gedib xarici qoltuqlarda gizlənənləri qıcıqlandırır.

Onlar gəncləri din pərdəsi altında çirkin əməllərə alət etmək üçün səylər göstərirlər, təhrikedici çağırışlar səsləndirirlər. Gəncədəki təxribat da bu qüvvələrin növbəti cəhdi idi.  Ancaq Azərbaycan polisi bu hadisələrdə də yenə öz peşəkarlığını, bu ifadəni xüsusilə vurğulamaq istərdim-eyni zamanda böyük humanistliyini göstərdi və hüquq mühafizə orqanları dövlətçiliyə sədaqətini nümayiş etdirərək qısa müddətdə o iğtişaşların qarşısını aldı. Fikir versəniz görərsiniz ki, xaricdə tez-tez polis vəhşiyi ilə bağlı məlumatlar yayılır. Bəzi xarici ölkələrdə bəzən hətta əlini cibindən çıxarmayan vətəndaşa belə silah çəkilir, yaxud da fiziki güc tətbiq olunur. Amma Azərbaycan polisi hətta iğtişaş olmasına baxmayaraq silahdan istifadə etmədi,  canı bahasına dövlətin və asayişin keşiyində dayandı.  Azərbaycan xalqı bütün bu hadisələri pisləyərək cinayətkarların cəzalandırılmasını istəyir və bunun belə olacağına inanır. Fikir verin, polis zabitini qətlə yetirməkdə şübhəli bilinən cani vətəndaşların yaxından köməyi ilə tutulub istintaqa təslim edildi. Əminəm ki,  Azərbaycan xalqı həmişə olduğu kimi, öz dövlətinin və öz Prezidentinin ətrafında sıx birləşərək ölkəmizdə sabitliyi, stabilliyi pozmağa cəhd edən qüvvələrə imkan verməyəcək”.

Sevinc Abdullayeva,

“İki sahil”