21 iyul 2018 18:59
1176

“Media Klub”un qərəzli mövqeyi aqressiyadan qaynaqlanır

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalayıb.

Həmin Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb. Artıq dəyərli ənənəyə çevrilən bu addım ölkəmizdə çap mətbuatının inkişafına təkan verir, qəzetlərin mövcudluğunu təmin edir.

Ancaq “Media Klub” adlı qurumun təmsilçiləri dövlətin çap mediasına bu qayğısına başqa don geyindirməyə çalışır, yazılı  mətbuatın yardıma ehtiyacı olmadığını deyirlər, bir az da irəli gedərək hətta qəzetlərin bağlanması iddiası ilə çıxış edirlər.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu belə bir yanaşmanı xəstə təxəyyülün məhsulu kimi xarakterizə etdi:  “İnanmaq olmur ki, özünü Azərbaycan mətbuatının bir parçası hesab edən, məhz media adı altında fəaliyyət göstərməyə çalışan insanlar çap mediasının gərəksizliyini irəli sürürlər.

Azərbaycanda çap mediasının fəaliyyətinin dayandırılmasının lazım olduğunu iddia etmək sağlam düşüncənin deyil, qərəzli və xəstə təxəyyülün məhsuludur. Hələ üstəlik, bu iddianı özünü media ilə bağlı hesab edən bir qrup irəli sürürsə, bu, artıq milli -mətbu dəyərlərimizə, bütövlükdə milli mətbuatımıza həqarətdir. O zaman ilkin qənaət belədir ki, ya bu qrupun media ilə heç bir əlaqəsi yoxdur, ya da media adı altında başqa məqsədlərlə fəaliyyət göstərirlər. Məqsəd isə olduqca qaranlıqdır. Çünki məsələni bu cür qoymaqla istənilən halda yalnız və yalnız Azərbaycanı qaralamaq mümkündür. Fərz edək ki, bu “intellektuallar”ın dedikləri ciddiyə alındı və çap mediasının fəaliyyəti dayandırıldı. O zaman elə həmin qrup bütün dünyaya car çəkəcək ki, Azərbaycanda söz azadlığına zərbə vuruldu, mətbuat azadlığı məhdudlaşdırıldı, 143 illik ənənəsi olan çap mediasının fəaliyyətinə bu hakimiyyət son qoydu. Yox, əgər mətbuat indiki kimi Azərbaycan dövlətinin himayəsi və qayğısı altında fəaliyyət göstərəcəksə, bu, belə də olacaq, onda da yenə bəzi macərapərəstlərə cazibədar görünən belə manipuliyasiyalarla bir müddət siyasi gündəmi şantaj etmək mümkün olacaq. Bunların heç biri isə hazırkı mürəkkəb tarixi mərhələdə milli maraqlarımıza uyğun deyil. Onda məntiqi nəticə də budur ki, çap mediasının bağlanmasını iddia edən qrupun iddiası da milli maraqlarımıza uyğun deyil. Yaxşı, görəsən, bəs kimin maraqlarına uyğundur? Əlbəttə, bizim milli maraqlarımıza uyğun olmayan mütləq kiminsə milli maraqlarına uyğundur və bunu hamı dərk edir ki, bizimlə maraqları toqquşanlar kimlərdir. Onda tərəddüd etmədən belə ümumi qənaət ifadə etmək mümkündür ki, özünü media qrupu adlandıranların belə yersiz açıqlaması onun özünün nəyə xidmət etdiyini göstərməklə həmin qrupun özünüifşasına çevrildi. Azərbaycan çap mediası isə əlbəttə, hələ uzun illər fəaliyyət göstərməklə milli mətbuatımızın tarixi missiyası və ənənlərini yaşadacaq.Yeni media hesab etdiyimiz, internet media üçün kadr bazası kimi çıxış edəcək, milli dövlətimizin maraqlarını təmin etmək üçün informasiya savaşında daim öz dövlətini yanında olacaq və Prezident İlham Əliyevin diqqət və qayğısına layiq olmağa çalışacaq. Bu gün çap mediası yüzlərlə qələm adamı üçün iş yeridir, təcrübə yeridir, daha qlobal informasiya məkanında fəaliyyət göstərmək üçün olduqca gərəkli hazırlıq platformasıdır. Azərbaycan dilinin bütün gözəl xüsusuyyətlərini, incəliklərini, siyasi publisistikamızı yaşadan, inkişaf etdirən, dilimizin keşiyində duran intellektual qaladır. Bunu yıxmağa cəhd etmək sadəcə siyasi macərapərəstlikdir”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev dövlət tərəfindən çap mətbuatına maliyyə yardımının ayrılmasını yüksək qiymətləndirdi  və “Media Klub”un iddialarının qərəzli olduğunu diqqətə çatdırdı:    “Dövlət tərəfindən mətbuata davamlı dəstək göstərilir və bunun çox müsbət nəticələri var. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası qəbul olunandan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Fondunun xətti ilə mətbuata, xüsusilə də yazılı mediaya müxtəlif məsələlərlə bağlı dəstək verilir. Açıq etiraf edək, əgər dövlət dəstəyi olmasaydı, Azərbaycanda yazılı media olmayacaqdı. Bu baxımdan bu dəstək alqışlanmalıdır. Ümumilikdə, son devalvasiya proseslərindən sonra Azərbaycanda qəzet çap eləmək çətin bir işə çevrilib. Belə deyək, sponsorların köməyi olmadan,  reklam gəlirləri və qəzet satmaqla qəzetin mövcudluğunu qorumaq mümkün deyil. Bəlkə də internet medianı bazar prinsipləri əsasında saxlamaq mümkündür, amma etiraf edək ki, yazılı medianı saxlamaq müşkül məsələdi. Dövlət yazılı mediaya yardım göstərəndə qəzetlərin salnamə xüsusiyyətini nəzərə alır və ölkəni qəzetsiz qoymamaq haqqında düşünür. Bu, çox müsbət bir niyyətdir və təqdirəlayiqdir.

“Media Klub”un nümayəndələrinin mətbuata yardımın ayrılmaması, hətta qəzetlərin bağlanması ilə bağlı iddiaları  başadüşülən deyil. Bu yardım kəsilsə, faktiki olaraq Azərbaycan qəzetsiz qala bilər. Qəzetsiz qalmaq bizə sərf edirmi? Mətbuatın bütün yükünü internet mediasının üzərinə yükləyib media siyasətimizi həyata keçirə bilərikmi? Məncə yox. Yazılı medianı tarixdən gələn bir ənənə kimi qoruyub saxlamaq istəyiriksə,  dövlətin dəstəyi qaçılmazdır. Artıq ənənəyə çevrilən bu dəstək bizim çox əlimizdən tutur. Bilirsiniz ki, hazırda mətbəə xərcləri. kollektivi saxlama məsrəfləri çox böyükdür.

“Media Klub”un bu açıqlamasında xoş niyyət görmürəm. Burada qərəz elementləri,  müəyyən siyasi maraqlar  hiss olunur. Əminəm ki, sabah dövlət mediaya dəstəyi dayandırarsa, Azərbaycanda müxtəlif yazılı mətbuat nümunələri fəaliyyətini  dayandırsa,  bu adamlar çıxıb yenə deyəcək ki, bax, Azərbaycan dövlətinin mətbuata münasibəti budur- qəzetlər bağlanıb, heç bir yardım göstərilmir, şərait yaradılmır.

İndiki şəraitdə satışla, -reklam bazarımızın da durumu məlumdur- bu durumda dövlətin dəstəyi olmadan qəzet çap etmək mümkün deyil.

Mən şəxsən Azərbaycanın qəzetsiz qalmağını istəmirəm. İstəyirəm ki, bu dövlət dəstəyi davam etsin. Təbii ki, bu dəstəyin formatı müzakirə oluna bilər, bu məsələlərlə bağlı  təkmilləşdirmə işləri aparıla bilər . Amma belə qərəzli şəkildə “mətbuata yardım verilməsin,  qəzetlər çapını dayandırsın” məzmunlu  iddialar yolverilməzdir”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli  “Media Klub”un  bu münasibətini uğursuzluqdan, qəzəbdən və  aqressiyadan doğan bir yanaşma tərzi kimi səciyyələndirdi:  “Əvvəla, nəzərinizə çatdırım ki, mən “Media Klub” adlı qurum tanımıram. Bu, bir neçə şəxsin toplaşdığı qeyri-rəsmi bir qurumdur. Onların münasibətinə da hansısa media təşkilatının münasibəti kimi yanaşmıram.

Məsələnin ikinci tərəfinə gəldikdə, nəzərinizə çatdırım ki, çap mediası bütün dünyada medianın əsasını, bünövrəsini təşkil edir. Dünyanın ayrı -ayrı dövlətlərində, aparıcı ölkələrdə çap mediasına kifayət qədər ciddi dəstək verilir. Belə ölkələrin sırasında yer alanlardan biri və birincisi Azərbaycan dövlətidir. Azərbaycan dövləti çap mediasının qarşılaşdığı problemləri kifayət qədər yaxşı düşünür və  milli mətbuatın ənənələrinin qorunması baxımından da çap mediasına dəstək verir. Çap mediası həm də tarixdir, tarix yalnız qəzetlər vasitəsilə özünü qoruyur. İnternetin istənilən an iflasa uğraması ehtimalı, yaxud hansısa kəsintidən, hər hansı  bir problemdən sıradan çıxması mümkündür. Dünyanın nüfuzlu ölkələrindən biri kimi Azərbaycan dövləti bilir ki, ən kritik situasiyalarda, ən mühüm zamanlarda çap mediasının informasiya dəstəyinə böyük ehtiyac duyula bilər.

Ümumiyyətlə, media ilə bağlı olan insanların media strukturunun bağlanması təşəbbüsü ilə çıxış etməsi absurddur. Yəni, hansı ağlın, hansı təfəkkürün, hansı əxlaqın sahibi olmalısan ki, mətbuat orqanının bağlanmasını tələb edəsən? Bu, görünməmiş bir yanaşma tərzidir. Bu yanaşma sübuta yetirir ki, bu adamlar əslində tamamilə siyasiləşiblər. Təəssüflər olsun ki, onlar Azərbaycanın milli və dövlət maraqlarına xidmət etmirlər.

Hansı aspektdən siyasiləşdiklərini özləri bilərlər. Mən detallara varmaq istəmirəm. Amma məsələnin mahiyyətində bu dayanır ki, bu insanlar öz eqolarının, öz uğursuzluqlarının bütün günahını  Azərbaycan mediasında, Azərbaycan dövlətinin mətbuata verdiyi dəstəkdə görürlər. Necə olur ki, uzun illər boyu müxtəlif təşkilatlar yaradaraq ayrı- ayrı xarici donor təşkilatlarından, o cümlədən bütün Yaxın Şərqi cəhənnəmə çevirən Soros fondundan maliyyə dəstəyi almaq olur və bu maliyyə dəstəyi şirin olur, amma Azərbaycan dövləti hər hansı bir hədd qoymadan media qurumlarına yardım göstərəndə bu neqativ amil olur? Bu, hansı təfəkkürün yanaşma tərzidir? Sağlam düşüncəsi, analitik təhlil qabiliyyəti olan insanlar ən azı hər hansı bir iddia ilə çıxış edəndə bunun adekvat cavabını da özlərinin qarşısına qoymalıdırlar. “Media Klub”un mövqeyi  tam yanlışdır, qərəzlidir, aqressiyadan qaynaqlanır. Çünki öz fəaliyyətləri ilə faktiki olaraq özlərini proseslərdən kənar ediblər. Onları Azərbaycan mediasından heç kim kənara qoymayıb, özləri özlərini qovublar, özləri özlərini küncə sıxıblar. Çünki ayrı -ayrı donor təşkilatlarının Azərbaycanın  informasiya məkanına daxil olmasını  təmin etməyə artıq imkanları yoxdur. Bu prosesdən kənarda qalıblar.  Çünki informasiya məkanının təhlükəsizliyinə bütövlükdə Azərbaycan dövləti nəzarət edir, eyni zamanda Azərbaycan mediası da bu prosesin aktiv iştirakçısıdır. Təəssüf edirəm ki, bir zamanlar Azərbaycan mətbuatında fəaliyyət göstərən insanlar bu qədər aşağı yuvarlanıblar”.

 Sevinc Abdullayeva,

“İki sahil”