25 iyul 2018 01:57
1442

Vəkillik institutu təkmilləşdirilir, bu sahədə fundamental islahatlar həyata keçirilir

Bu gün Azərbaycan hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolunda qətiyyətli addımlarla irəliləyir. Ölkəmizdə insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin edilir. Bunun üçün mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Dövlət baçısının təşəbbüsü nəticəsində ölkəmizdə məhkəmə-hüquq sistemi daha da təkmilləşdirilib, mühüm islahatlar həyata keçirilib.

Vəkillik institutu hər bir demokratik cəmiyyətin, hüquqi dövlətin mühüm elementlərindən biridir. Əgər vəkillik institutu nə qədər mükəmməl formalaşdırılarsa, insanlara bir o qədər keyfiyyətli hüquqi yardım göstərilər. Bu mənada son dövrlər ölkəmizdə vəkillik institutunun, bu sahədə fundamental təsisatların daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Elə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikası Prezidentinin Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamını xüsusi olaraq vurğulamaq lazımdır. Sözügedən Sərəncam güclü və nüfuzlu vəkillik təsisatının yaradılmasına xidmət edir. Sərəncam dövlətimizin başçısı möhtərəm İlham Əliyevin bu sahəyə nə qədər diqqət ayırdığını əyani şəkildə sübut edir.

Cənab Prezidentimizin Sərəncamı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakı şəhərində, eyni zamanda, ölkənin regionlarında apellyasiya məhkəmələrinin, ağır cinayətlər üzrə  məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri şəhərlərdə Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla təmin olunmasını nəzərdə tutur. Bu da, şübhəsiz, həmin  sahədə fəaliyyətin daha da səmərəli olmasına imkan verəcək. Bu Sərəncamla  vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması və Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlərin görülməsi vəkillik fəaliyyətinin daha da stimullaşdırılmasına şərait yaradacaq.

Qeyd edim ki, mən uzun illər Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olmuşam. O vaxt bizim şəraitimiz bir o qədər rahat deyildi. Yerləşdiyimiz binada lazım olan bütün şəraitlər yox idi. Lakin sevindirici haldır ki, bu il Vəkillər Kollegiyası Rəyasət Heyəti yeni inzibati bina ilə təmin edilib. Yeni bina öncəkindən fərqli olaraq, müasir standartlara cavab verməklə yanaşı, Rəyasət Heyətinin, Vəkillərin İntizam və İxtisas Komissiyalarının fəaliyyətinin yüksək səviyyədə təşkil olunması üçün zəruri şəraitə malikdir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Vəkillər Kollegiyasının kollektivi daim Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısını həmişə hiss ediblər. Bu diqqət və qayğı böyük tarixə malikdir. Hələ 2005-ci ildə ölkəmizin başçısı Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə Sərəncam imzalayıb. Bundan əvvəl isə 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu həmin dövrdən etibarən ölkəmizdə güclü və peşəkar vəkilliyin formalaşmasına təkan verib, vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını müəyyən edib.

Azərbaycan vəkillik institutunun inkişafına böyük  əhəmiyyət verən dünyanın azsaylı ölkələrindən biridir. Məhz həyata keçirilən mühüm islahatlardan biri də  nümayəndəlik institutunun vəkillik institutu ilə əvəzlənməsi və vəkillik institutunun daha da gücləndirilməsi də bu məqsədə xidmət edir. Bununla da nəinki vəkil olmayan, hətta hüquqi təhsili olmayanların bu sahədə fəaliyyətinə ehtiyac yaranmır. 

Vəkillik sahəsində həyata keçirilən islahatlar, o cümlədən ölkəmizin başçısının “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı Vəkillər Kollegiyasının qarşısında böyük məsuliyyət yaradır. Şübhəsiz ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası daha çevik quruma çevriləcək. Bu günlərdə baş tutan Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi dediklərimizin bariz nümunəsidir. İclas bir sıra mühüm məqamlarla yadda qaldı.

Əvvəlcə qeyd edək ki, ölkəmizdə ayrı-ayrı sahələri təmsil edən insanlar hər il öz peşə bayramlarını qeyd edirlər. Məsələn, polislər, neftçilər, energetiklər... Təbii ki, bu siyahını daha da genişləndirmək olar. Lakin biz vəkillər üçün belə bir xüsusi gün yox idi. Sevindirici haldır ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində vəkillərin peşə bayramı gününün təsis olunması ilə bağlı məsələ Vəkillər Kollegiyası Rəyasət Heyətinin müzakirəsinə çıxarılıb. Vəkillərin peşə bayramı gününün təsis olunması ilə bağlı Rəyasət Heyəti tərəfindən müvafiq komissiya yaradılıb. Vəkillər Kollegiyası sədrinin Anar Bağırovun təşəbbüsü və rəhbərliyi ilə komissiya çoxsaylı arxiv sənədləri üzərində apardığı araşdırma və təhlil nəticəsində 30 iyul 1919-cu il tarixinin Azərbaycan Xalq Cümhuriyyətində vəkillərin münsiflər heyətinin təşkili və yaradılma tarixi olmasını əsas götürərək həmin tarixin Azərbaycan Respublikası vəkilliyinin peşə bayramı günü kimi qeyd edilməsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təklif edib. Vəkillərin peşə bayramı gününün hər il 30 iyul tarixində qeyd edilməsi ilə bağlı təklif Rəyasət Heyəti üzvlərinin müzakirəsinə təqdim edilib və qərar yekdilliklə qəbul olunub.

Hesab edirəm ki, qısa zamanda həyata keçirilən bu mühüm islahatlar ölkəmizdə vəkillik institutunun daha da təkmilləşməsinə, biz vəkillərin fəaliyyətinin stimullaşdırılmasına, ən nəhayət vətəndaşlara daha keyfiyyətli hüquqi yardımın göstərilməsinə xidmət edir. 

Mən qürur hissi ilə vurğulamaq istəyirəm ki, nə yaxşı ki, artıq bizim də peşə bayramımız var. Bundan sonra ölkəmizdəki bütün vəkillər 30 iyul tarixini öz peşə bayramları kimi yüksək əhval ruhiyyə ilə qeyd edəcəklər. Bir vəkil kimi Vəkillər Kollegiyasının sədri Anar Bağırov başda olmaqla bu münasibətlə öz həmkarlarımı təbrik edirəm, onlara şərəfli, mübariz və məsuliyyətli işlərində uğurlar arzulayıram.

Bayramınız mübarək!

 

Sümbülə Əliyeva,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin ehtiyat üzvü, Bakı şəhəri 1 saylı Vəkil Bürosunun müdiri