20 sentyabr 2018 22:20
2920

Parlamentin 100 illiyi Azərbaycanın qədim dövlətçilik tarixindən xəbər verir

Məlum olduğu kimi, 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Bu önəmli qərarı   ilə bağlı ölkəmizdə, həm də onun hüdudlarından kənarda xeyli sayda tədbirlər keçirilir. Eləcə də bu il Cümhuriyyət dövründə əsası qoyulan xeyli sayda ilklərin 100 illiyini qeyd edirik.

Təqvimin həmin önəmli günlərindən biri də məhz 1918-ci ilin 21 sentyabrıdır. Bu önəmli hadisənin tarixi mahiyyəti haqqında “İki sahil” internet televiziyasının suallarını cavablandıran Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, müasir dövrümüzdə Azərbaycan dövlətinin idarəçiliyində əsas yerlərdən birini tutan Milli Məclis də Xalq Cümhuriyyəti Parlamentinin varisidir: “Azərbaycan bu il Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etməklə bütün dünyaya göstərdi ki, xalqımız nə qədər demokratik, hüququn və qanunun aliliyinə önəm verən bir xalqdır. Sözün əsl mənasında bugünkü gənclik tariximizlə qürur duymalıdır. Bir neçə gün öncə Bakının işğaldan azad edilməsinin 100 illiyini qeyd etdik. Azərbaycan-Türkiyə qardaşlığının getdikcə artan nüfuzuna, möhtəşəm parada şahid olduq. İki qardaş ölkənin bayraqları bir yerdə dalğalandı. “Azərbaycan Xalq Cümhuriyyət ili” çərçivəsində 100 illiiyini qeyd etdiyimiz bu tarixi hadisələr bizi dünyaya daha da yaxınlaşdırdı, digər xalqların nümayəndələrinin diqqətini bir daha Azərbaycana çəkdi. Artıq dünya başa düşür ki, Azərbaycan xalqı Şərqdə ilk demokratik respublikanı quran, qadınların ilk dəfə səs vermə hüququnu tanıyan, onların parlamentdə təmsil olunmasına izn verən, bəşəri ideyaların daşıyıcı olan bir xalqdır”.

Aydın Hüseynov vurğuladı ki, bütün bunlar Azərbaycan xalqının mübariz və istedadlı xalq olduğunu göstərir:  “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində daha yaxşı bildik ki, Azərbaycanda dövlətçiliyin inkişafı ilə yanaşı, təhsil, elmə, mədəniyyətə, ədəbiyyata da yüksək səviyyədə diqqət, qayğı göstərilmiş, dövlətin hərtərəfli inkişafı üçün münbit şərait yaradılmışdı. Bütün bunlar xalqımızın nə dərəcədə mübariz olduğunu bir daha ön plana çıxarır. Çünki həmin dövrdə, elə çətin bir şəraitdə sadalanan naliyyətləri qazanmaq olduqca çətin idi. Hesab edirəm ki, Azərbaycan Parlamentinin yaradılması, eləcə də bu Parlamentin idarə olunması qaydalarının bu gün sivil dövlətlərin qayda-qanunlarından heç də geri qalmaması onu sübut edir ki, Azərbaycan xalqı uzaqgörən xalqdır.Yalnız belə bir xalqın nümayəndələri də bu qədər bəşəri ideyaların daşıyıcıları ola bilərdilər”.

Deputat onu da diqqətə çatdırdı ki, Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı sentyabrın 21-də keçiriləcək təntənəli iclasa bir çox ölkələrin parlament sədrləri, müavinləri də qatılacaqlar: “Qonaqlar artıq şəhərimizdədirlər. Təntənəli iclasda Türkiyə, Səudiyyə Ərəbistanı, Gürcüstan, Əfqanıstan, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina, Bolqarıstan, Cibuti, İndoneziya, Pakistan parlament sədrləri səviyyəsində təmsil olunacaq. Həmçinin iclas ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamentinin, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının nümayəndələri qatılacaqlar”.

Xatırladaq ki, tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılacaq. Bundan əlavə, 40-a yaxın ölkənin nümayəndəsinin də yubiley tədbirində iştirakı nəzərdə tutulur.

Şəfiqə Dadaşova, “İki sahil”