18 sentyabr 2018 18:42
1761

“SpaceX” Aya səyahət edəcək ilk kosmik turistin adını açıqlayıb

“Big Falcon Rocket” raketində Aya səyahət edəcək ilk kosmik turist yaponiyalı milyarder Yusaku Maedzava olacaq. Bu barədə İlon Maskın “SpaceX” layihəsinin müəllifi olan şirkət məlumat yayıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Yusaku Maedzava geyim satışı üzrə “Zozotown” onlayn-məkanın yaradıcısıdır. “Forbes” onun varidatını 2,9 milyard avro dəyərləndirib. Qırx iki yaşlı milyarder səyahəti üçün avans ödəyib. Kosmik turistin ödəyəcəyi vəsaiti “SpaceX” şirkəti açıqlamasa da, onu “əhəmiyyətli dərəcədə” adlandırıb.

Uçuş təxminən bir həftə davam edəcək. Raket 200 kilometrə qədər məsafədə Aya yaxınlaşacaq.

Amerikanın “SpaceX” şirkəti uzunmüddətli missiyalar üçün nəzərdə tutulan raketdə Aya gedəcək ilk kosmik turistlə müqavilə imzalandığını hələ keçən həftə açıqlayıb. O vaxt onun adı çəkilmirdi. Aya kosmik turistlərin göndərilməsi planını şirkət 2017-ci ilin əvvəllərində elan edib.

Bu ilin fevralında “SpaceX” Marsa “Falcon Heavy” raketini yollayıb. Raket özü ilə içərisində sükan arxasında maneken əyləşdirilmiş “Tesla Roadster” elektrokarın olduğu kapsulu daşıyıb. Avtomobil müşahidə kameraları ilə təchiz edilib.