18 sentyabr 2018 22:14
1940

Azərbaycan Cənubi Qafqazda Avstriyanın əsas ticarət tərəfdaşıdır

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ölkəmizdə səfərdə olan Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov bu səfərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyini deyib. Avstriya-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini söyləyən Milli Məclisin sədri münasibətlərin genişləndirilməsində ölkə başçılarının qarşılıqlı səfərlərinin mühüm rolu olduğunu xüsusi qeyd edib. Milli Məclisin sədri əlaqələrimizin inkişafı nəticəsində iki ölkə arasında möhkəm hüquqi baza yarandığını diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 200 milyard dollar olub, bu göstərici 2018-ci ilin altı ayı ərzində isə 216 milyard dollara çatıb. Oqtay Əsədov qarşılıqlı səfərlərin, biznes forumların ticarət dövriyyəsinin həcminin artırılmasında faydalı olacağına əminliyini ifadə edib.

Oqtay Əsədov Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TAP, TANAP kimi mühüm layihələrin təşəbbüskarı olduğunu deyib. Milli Məclisin sədri bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Parlamentlərarası əlaqələrdən söz açan Oqtay Əsədov bu münasibətlərin razılıq doğurduğunu söyləyib. Sentyabrın 21-də Bakıda Azərbaycan parlamentinin yaradılmasının 100 illik yubileyinin qeyd ediləcəyini xatırladan Milli Məclisin sədri Avstriya nümayəndə heyətinin də bu tədbirdə iştirakını məmnunluqla qeyd edib.

Parlamentin sədri Azərbaycanın regionda iqtisadı cəhətdən sürətlə inkişaf etdiyini, Cənubi Qafqazın iqtisadi potensialının 75 faizinin ölkəmizin payına düşdüyünü vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı danışıqlar prosesi barədə məlumat verən Oqtay Əsədov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bütün dünyada tanınır. “Biz münaqişənin sülh yolu ilə həllinə ümidimizi itirməmişik, səylərimizi artırırıq. İnanırıq ki, bu istiqamətdə Avstriya da ölkəmizə dəstək verəcək”, - deyə Milli Məclisin sədri bildirib.

Ölkələrimiz arasındakı əlaqələrin inkişafına toxunan vitse-kansler Haynts-Kristian Ştraxe deyib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, 2010-cu ildə Avstriyanın Azərbaycanda səfirliyinin açılması bu münasibətlərin daha da genişləndirilməsinə mühüm töhfə verib. O bildirib ki, səfərin əsas məqsədi bu əlaqələri daha da dərinləşdirməkdir. Vitse-kansler vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda Avstriyanın əsas ticarət tərəfdaşıdır. Avstriya Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə əməkdaşlıqda maraqlıdır. Haynts-Kristian Ştraxe Avstriyanın nəqliyyat, dəmir yolu, su, ekologiya, internet texnologiyalarının inkişafı, tullantıların emalı, onların enerji sahəsindəki istifadəsi istiqamətində ölkəmizlə əməkdaşlığa hazır olduğunu söyləyib.