20 sentyabr 2018 22:38
1930

Hamar yollar insanlara rahatlıq gətirir

Bu gün ölkəmizin hər bir rayonunda quruculuq-abadlıq işləri geniş vüsət alıb. Şübhəsiz, görülən işlər ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. Təkcə bir faktı qeyd edək: bir vaxtlar şəhər və rayonlarımız təbii qaz və elektrik enerjisinə həsrət idisə, bu gün ən ucqar kəndlərimiz belə “mavi yanacaq”la təchiz olunublar.

Son illər ölkəmizdə yol tikintisi də diqqət mərkəzindədir. Belə ki, magistral yollar müasir səviyyəyə çatdırılır, kənd və qəsəbələri birləşdirən avtomobil yolları yenidən inşa olunur.

Sentyabrın 18-də ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə yeni inşa edilən və regionun şah damarı sayılan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu da istifadəyə verildi. Məlumat üçün qeyd edək ki, köhnə yolla müqayisədə Bakıdan Astaraya olan məsafəni 40 kilometr qısaldan bu yol “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir.

Dövlət başçısı respublikamızın cənub bölgəsinə səfəri, zamanı həmçinin Biləsuvarda 20 mindən çox insanın yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun və Masallıda 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli- Məmmədxanlı avtomobil yollarının açılış mərasimlərində də iştirak edib.  Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılış mərasimində rayon ictimaiyyəti adından çıxış edən Akif Kazımov deyib ki, bu yolun əhəmiyyətini sözlə ifadə etmək çox çətindir: “Sakinlərimiz rayon mərkəzinə gedərkən minbir əziyyətlə üzləşirdilər. Payız-qış aylarında, ümumiyyətlə, bu yolda palçıq üzündən hərəkət etmək mümkün deyildi. Yay aylarında isə toz-torpaqdan evlərin qapı-pəncərələrini açmaq mümkün olmurdu. Sizin tapşırığınıza əsasən aparılan əsaslı yenidənqurma işlərindən sonra belə bir gözəl yol istifadəyə verildi və bizim canımız o çətinliklərdən birdəfəlik qurtuldu”. Bu isə o deməkdir ki, ölkəmizdə son dövrlərdə yol infrastrukturunda baş verən əsaslı dəyişikliklərin nəticəsini hər bir vətəndaş öz şəxsi həyatında hiss edir.

 Qeyd edək ki, Biləsuvar rayonunun kəndlərinin təqribən 80 faizi, Masallı rayonunun isə 85 faizi artıq müasir yollarla təmin edilib. Bu mənada, növbəti illərdə bu rayonlarda təmirsiz bir dənə də kənd yolunun qalmayacağı  heç bir şübhə doğurmur. Yeri gəlmişkən, ümumilikdə, bu il Dövlət İnvestisiya Proqramında ən azı 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub və yenidən qurulur.

Prezident İlham Əliyev həmin tədbirlərdə bu məqamı vurğulayaraq deyib ki, iqtisadi imkanlarımız, maliyyə resurslarımız  bu istiqamətdə də işləri davam etdirməyə imkan verir: “Səkkiz ayın yekunları da çox müsbətdir. Bizim ixracımız əhəmiyyətli dərəcədə artıb və ixrac idxalı təqribən ən azı 5 milyard dollar səviyyəsində üstələyir. Bu da iqtisadi sabitliyə, manatın məzənnəsinin möhkəm səviyyədə saxlanmasına xidmət edir və bizə imkan verir ki, bundan sonra da bir çox önəmli layihələri icra edək”. Bu da Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi inkişafına xüsusi önəm verdiyini, bütün məsələləri daim diqqət mərkəzində saxladığını bir daha təsdiqləyir. Cənab İlham Əliyevin bölgələrə səfərləri isə regionların inkişafı çərçivəsində nəzərdə tutulan işlərin daha sürətlə yerinə yetirilməsinə təkan verir.

Diqqətəlayiq haldır ki, Prezident elə həmin gün Biləsuvar və Masallı ilə bağlı 5 Sərəncam imzaladı ki, onlardan biri yolla bağlı oldu. Belə ki, dövlət başçısının imzaladığı Sərəncama əsasən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81 km) - Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrıldı.

Son 50 gündə isə Prezident İlham Əliyev yol inşası ilə bağlı 19 Sərəncam imzalayıb. Bu da 320 min nəfərdən çox əhalinin yaşadığı 160-a yaxın məntəqəninin yol strukturunu yaxşılaşdırmağa xidmət edəcək. Qeyd edək ki, avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir. Çünki hər şeydən öncə rahat, hamar yollar insanlara rahatlıq gətirir. Eyni zamanda yol olmadan bölgələr inkişaf edə bilməz, nə turizm, nə də sənaye istehsalı təşəkkül tapar. Üstəlik, kənd təsərrüfatının inkişafı üçün də problemlər yaranar.

Qvami Məhəbbətoğlu,İki sahil”