22 oktyabr 2018 15:29
2174

Yelizaveta Luzan: Fəxr edirəm ki, Azərbaycana qızıl medal gətirdim

"Yarışım çox yaxşı keçdi. İkinci yeri tutmağımdan məmnunam".

“Report” xəbər verir ki, bunu Argentinanın paytaxtı Buenos-Ayresdəki Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan ağırlıqqaldıranı Tarmenxan Babayev deyib. 

85 kq çəki dərəcəsində yer alan 16 yaşlı idmançı bu nəticə ilə yığma komandanı və bütün Azərbaycanı sevindirdiyini bildirib. Babayev bundan sonra da yaxşı nəticələr qazanacağına inam ifadə edib: "Əsas məqsədim Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır. Bütün məşqçilərimə, üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”. 

Atlet qızıl medal qazana bilməməsini axırıncı cəhdinin uğursuzluğu ilə əlaqələndirib: “Son cəhdim uğurlu alınsaydı, olimpiya çempionu olardım. Digər tərəfdən, bir az çəki salmağım çıxışıma mane oldu. Argentinaya uyğunlaşmaqda da çətinlik çəkirdim. Bunlar hər bir idmançının başına gələ bilər. Heç də bütün yarışlar yaxşı keçmir. Çalışacağam ki, əsas olimpiadada qızıl medal qazanım”. 

Buenos-Ayresdə bürünc medal əldə etmiş taekvondoçu Cavad Ağayev (63 kq) yarımfinalda uduzmasına təəssüfləndiyini bildirib. Bununla belə, Ağayev Vətənə medalsız qayıtmamasından məmnunluq ifadə edib: "Buradan bütün müəllimlərimə, Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında daha uğurlu çıxış edəcəyəm”. 

Yarışın digər bürünc mükafatçısı Nurlan Səfərov (60 kq) isə deyib ki, olimpiya çempionluğu hədəfini gerçəkləşdirə bilməməsi döyüşləri zamanı yol verdiyi səhvlərlə əlaqədar olub: "Əsas məqsədim birinci yeri tutmaq idi. Döyüşlərimin hamısı çətin keçdi. İlk mərhələdə ən çətin rəqibim olan kanadalı idmançı ilə qarşılaşdım və onu üstələ bildim. Üçüncü görüşüm nisbətən asan oldu. Məğlub olduğum yarımfinal görüşündə isə qələbə qazana bilərdim. Müəyyən səhvlərim oldu”.    

Olimpiadanı Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medalla başa vuran bədii gimnast Yelizaveta Luzan isə Yaxşı çıxış etməyə və komandaya fayda verməyə çalışdığını qeyd edib: “Heç bir ciddi səhvə yol vermədim. Fəxr edirəm ki, Azərbaycana qızıl medal gətirdim”.

Gənc atletin məşqçisi Mariana Vasilyeva isə Azərbaycan gimnastının ilk dəfə olimpiadada medal qazanmasına diqqət çəkib: "Çox yaxşı yarış oldu. İlk dəfə bir azərbaycanlı gimnast medal qazandı. Biz belə nəticə gözləmirdik. Bu, bizim yeniyetmələr üçün ilk addım, federasiyamız adına çox vacib nailiyyətdir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. O, hər zaman bizə dəstək verir".