31 oktyabr 2018 21:39
2745

Sumqayıt Dövlət Dram Teatrı 50 yaşını qeyd edib

Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd edilib. Kollektiv ölkə Prezidenti İlham Əliyevin 5 iyul 2018-ci il tarixli Sərəncamına əsasən qeyd olunan yubiley tədbirinə yüksək səviyyədə hazırlaşıb.

Yubiley tədbirində iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, ölkənin teatr ictimaiyyətinin və şəhər ziyalılarının nümayəndələri əvvəlcə teatrdakı sərgi ilə tanış olublar.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışına bu dəfə doğma teatrın səhnəsinə tamaşaçı kimi çıxmış kollektivə «Əziz teatr fədailəri» müraciəti ilə başlayıb Nazir vurğulayıb ki, bu gün təkcə Sumqayıt üçün deyil, ölkənin mədəniyyət aləmi üçün böyük bayramdır: «Fəxr edirəm ki, 50 yaşlı Sumqayıt teatrı 146-cı mövsümünü yaşayan Azərbaycan teatrına böyük töhfələr verib, bu gün digər teatrlarda çalışan, çox tanınmış teatr insanları ilk addımlarını bu teatrın səhnəsində atıblar.»

Sumqayıt teatrının tarixinin ulu öndər Heydər Əliyevin epoxasına təsadüf etdiyini vurğulayan nazir, teatrın cəmiyyətin aparıcı qüvvəsi olduğunu, insanların mənəvi tərbiyəsində böyük rol oynadığını bildirib. Ə.Qarayev çıxışının sonunda Sumqayıt teatrının kollektivi, ölkənin mədəniyyət ictimaiyyəti adından teatra göstərilən qayğıya görə dövlət başçısına təşəkkürünü bildirib. Nazir teatrın 50 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamına əsasən Fəxri ad və «Tərəqqi» medalına layiq görülmüş kollektiv üzvlərinə dövlət təltiflərini təqdim edib.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hər kəsi salamlayaraq,  bütün sumqayıtlılar adından teatrın kollektivini təbrik edib, onlara sənət uğurları arzulayıb. Z.Fərəcov ölkə başçısının təsdiqlədiyi regionların inkişaf proqramına əsasən Sumqayıtda da mühüm işlər görüldüyünü deyərək son illər şəhərdə inşa edilən, təmir-bərpa olunan mədəniyyət obyektləri və mədəni istirahət ocaqlarının adlarını çəkib. Yubilyar kollektivin Sumqayıtın ictimai həyatında, dövlət tədbirlərində fəal iştirak etdiyini, bir çox respublika və şəhər əhəmiyyətli tədbirlərin teatrın binasında keçirildiyini bildirən Z.Fərəcov teatrın bir qrup əməkdaşına şəhər İcra Hakimiyyətinin Fəxri fərmanını təqdim edib.

Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti, professor Azərpaşa Nemətov kollektiv üzvlərini təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb.

Bu teatrda ilk tamaşaya quruluş vermiş Xalq artistləri Cənnət Səlimova, Mənsum İbrahimov, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artist Gülüstan Əliyeva Sumqayıt teatrını təbrik ediblər. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Musiqili Teatrı isə öz təbriklərini dost zarafatı kimi çatdırıblar.

Maraqlı və şən ovqatlı yubiley tədbiri bütün kollektivin xor ifası ilə başa çatıb.

Orxan Vahidoğlu, «İki sahil»