02 noyabr 2018 00:47
3298

Həmsədrlər fəaliyyətini konkret məqsədlərə yönəltsələr daha məqsədəuyğun olar

“1994-cü ildən bugünədək ATƏT-in Minsk qrupu həmsədrləri münaqişənin həlli istiqamətində hansısa ciddi bir irəliləyişə nail ola bilməyiblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyindən danışaraq daha fəal olmağa səsləyib. Fikrimcə, bu qurum öz işini konkret məqsədlərə və planlara yönəltsə daha məqsədə uyğun olar. Bildiyimiz kimi, bu gün münaqişənin həlli ilə bağlı həmsədrlərin əlində lazım olan bütün sənədlər var. BMT-nin qətnamələri, beynəlxalq təşkilatların qərarları və beynəlxalq hüquq normaları diktə edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın mənafeyi çərçivəsində həll olunsun.” Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında politoloq Ehtiram Aşırlı bildirdi.

Politoloq qeyd etdi ki, ABŞ da, Rusiya da Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar xeyli dərəcədə öz fikirlərini konkret olaraq ifadə edirlər: “Fransa isə əksinə qondarma rejimə qarşı müəyyən meyillər var. Bu günlərdə Fransa da açıqlama verdi ki, biz “Dağlıq Qarabağ respublikası”nı tanımırıq. Lakin hesab edirəm ki, Fransa dövlət nümayəndlərinin tez-tez Dağlıq Qarabağa qanunsuz səfərlər təşkil etmələri bu dövlətin ATƏT-in Minsk qrupundakı fəaliyyətinə kölgə salır. Düşünürəm ki, Fransa həmsədrlikdən uzaqlaşdırılıb yerinə Almaniya gətirilsə daha məqsədəuyğun və səmərəli bir addım olar. Sadəcə olaraq Minsk qrupu yeni bir formatda yola davam etməlidir ki, fəaliyyətində səmərəlilik artsın. Minsk qrupunun səfəri sadəcə sıradan bir səfər kimi xarakterizə olunmalıdır”.

“Demək olar ki, həmsədrlərin regiona səfərlərindən sonra ciddi bir irəliləyişə imza atacaqları gözlənilmir. Çünki hazırda Ermənistanda siyasi böhran hökm sürür, növbədənkənar parlament seçkilərinin yaxınlaşması ilin sonuna kimi Dağlıq Qarabağla bağlı danışıqların aparılmasını işğalçı ölkə üçün arxa plana keçirir. Hazırda regionda dəyişən şərtlər Azərbaycanın lehinədir. Həmçinin ABŞ rəsmilərinin işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mesajları da Azərbaycanın mövqeyini gücləndirir”,- deyə politoloq bildirdi.

Mənsumə Babayeva, “İki sahil”