15 noyabr 2017 18:42
754

“OnePlus 5” əlavəsi smartfon üçün təhlükə yaradır

Proqram tərtibatçısı Elliot Olderson “OnePlus 5” smartfonunda “EngineerMode” əlavəsi ilə bağlı problem aşkarlayıb. Mütəxəssis proqramın imkanlarını təhlil edərək onun qurğuya ziyan vurması və istifadəçilərin məxfiliyi üçün təhlükə yarada bilməsi qənaətinə gəlib.

AZƏRTAC “Life” resursuna istinadən xəbər verir ki, qurğu satışa çıxarılmazdan əvvəl onun iş qabiliyyətinin yoxlanılması üçün nəzərdə tutulan “EngineerMode” əlavəsi ilk baxışdan adi görünür. Lakin məsələ ondadır ki, keyfiyyətin yoxlanışından sonra proqram qurğudan silinməli olduğu halda, “OnePlus” şirkəti bunu etməyib. Təhlükə “EngineerMode” əlavəsinin smartfonun idarəetməsi üzərində böyük hüquqlara malik olmasındadır.

E.Olderson problemlə bağlı “OnePlus” şirkətinə müraciət edib. Onun sorğusuna reaksiya verən şirkət təsisçisi Karl Pey tərtibatçıya problemi aşkarladığı üçün minnətdarlığını bildirib.

Tərtibatçının məlumatına görə, “OnePlus 3”, “OnePlus 3Т” və “OnePlus 5” smartfonlarında quraşdırılan potensial təhlükəli proqramla sistem əlavələri siyahısında tanış olmaq mümkündür.

Qeyd edək ki, yeni nəsil “OnePlus” smartfonlarının “OnePlus 5Т” modeli noyabrın 16-da təqdim olunacaq.