30 iyun 2018 16:25
2359

Azərbaycanın turizm brendi yenidən formalaşdırılacaq

Hazırda Azərbaycanda ixtisaslı kadrlara ehtiyac duyulan yeni turizm sənayesi inkişaf edir. Müstəqilliyimizin ilk illərində daha çox neft və qaz ehtiyatlarının istehsalı, daşınması və idarə edilməsi sahəsində mütəxəssislərə ehtiyac duyulurdusa, post-neft dövründə əsas diqqət Prezident İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi" haqqında Fərmanında qeyd olunan digər prioritet sahələrin inkişafı üzrə ixtisaslı kadrların formalaşdırılmasına yönəldilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Turizm və Menecment Universitetində məzunlarla görüşü zamanı deyib.

F.Nağıyev söyləyib ki, bu strateji istiqamətlərdən biri kimi Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi müəyyən olunub. Qurum öz fəaliyyətini yaxın illərdə aşağıda göstərilən prioritet sahələr üzrə inkişaf etdirəcək:

- yeni turizm siyasəti formalaşdırılacacaq, turizm sənayesinin bütün üzvləri prosesə cəlb olunacaq;

- daha uzunmüddətli inkişaf üçün araşdırma və statistikanın yaxşılaşdırılması üzərində işlər görüləcək;

- turizmdə innovasiyalar və müasir texnologiyaların imkanlarından maksimum istifadə ediləcək;

- infrastruktur layihələri ilə bağlı yeni inkişaf planları hazırlanıb icra olunacaq;

- dövlət-özəl biznes əməkdaşlığının genişlənməsində səylər artırılacaq. Turizmdə özəl biznesin müasir inkişaf standartlarına çatması üçün dövlət tərəfindən dəstək veriləcək;

- turist məmnunluğunu artırmaq, turistlərin qalma müddətini uzatmaq və mövsümiliyi aradan qaldırmaq üçün yeni turizm məhsulları işlənib hazırlanacaq;

- Azərbaycanın turizm brendi yenidən formalaşdırılacaq. Ölkəmizin tanıdılması üçün əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərini yaradılması nəzərdə tutulur.

Sonda F. Nağıyev Azərbaycanın turizm potensialının inkişafı və möhkəmləndirilməsi üçün bu sahənin bütün iştirakçılarını mərkəzləşdirilmiş qaydada fəaliyyətə və əməkdaşlığa dəvət edib.