02 iyul 2018 22:28
2066

Azərbaycana gələn turistlərin sayı 2 milyon 700 mini keçib

Son illər Azərbaycanda turizm sürətlə inkişaf edir. Bunu ölkəmizə gələnlərin statistikası aydın göstərir. Artıq bir neçə ildir ki,  Azərbaycana səyahət edənlərin sayı iki milyonu   keçir. Bu nailiyyət turizm sektoruna diqqətin artırılması, dövlətin bu sahəyə lazımi miqdarda vəsait ayırması və sahibkarlara əlverişli şəraitin yaradılması nəticəsində mümkün olur.

Azərbaycan Prezidenti İlham Əliyev turizmi ölkənin qarşısında duran prioritet sahələrdən biri kimi qiymətləndirib və bu sahənin sürətli inkişafı üçün dövlət tərəfindən hər cür tədbir görüldüyünü bildirib. Turizm üçün yaradılan lazımi infrastruktur xarici turistlərin ölkəmizə həvəslə səyahətə  gəlmələrinə stimul verir.

 Turizm sahəsi ilə məşğul olan ekspertlərin  sözlərinə görə, bu il xarici turistlərin sayında nəzərəçarpacaq artım var.  Fərəhli faktdır ki, təkcə ötən il Azərbaycana 2 milyon 249 min nəfər turist gəlib.  Bu ilin ötən dövründə isə bu rəqəm bir qədər də yüksəlib. Statistikaya görə bu rəqəm indi 2 milyon 700 mini keçib.  Gözlənilir ki, ilin sonunadək ölkəmizə gələnlərin sayı üç  milyona  çatacaq. Paytaxtımızda iri beynəlxalq tədbirlərin keçirilməsi, ölkəmizin  transmilli layihələrə ev sahibliyi etməsi, müsabiqə, sərgi  və musiqi festivallarının təşkili ən yaxşı reklam rolunu oynayır.

 Qeyd edəki ki, təkcə bu il Bakıda avtomobil həvəskarlarının sevdikləri “Formula-1” Qran-pri yarışlarının  keçirilməsi nəticəsində ölkəmizi ziyarət edənlərin sayında əhəmiyyətli artım olub. 

 Sahibkarlar turizm şəbəkəsinin daha da genişləndirilməsində maraqlı olduqları üçün yeni qonaq evləri inşa edir, xidmətlərin səviyyəsini yüksəldir, cəlbedici şərait yaradırlar. Mehmanxanaların  sayında da artım olub. Statistikaya görə, bu  il mehmanxanaların sayı 600-ə yaxın olub, 760 turizm şirkəti fəaliyyət göstərib. Gələn il isə turizmi daha da genişləndirmək üçün  yeni  mehmanxanalar açılacaq. Onu da qeyd edək ki, bu sektor tərəfindən cari  ildə  dövlətə ödənilən vergilərin həcmi də artıb. Bölgələrdə iri mehmanalarla bərabər,  kotteclər, ailəvi istirahət evlərinin daha çox olmasına diqqət yetirilir.  Çünki mərkəzdən bölgələrə ailəvi istirahətə gedənlərin sayı ilbəil artır. Daşkəsən, Masallı, Lerik, Göygöl, Qax və bir sıra bölgələrdə bu amili nəzərə alan sahibkarlar kiçik kvadratlı istirahət evləri inşa edirlər. Goranboy rayonunun Ağcakənd qəsəbəsində hər cür şəraitlə təmin edilmiş iki-üç otaqlı evlər günü əlli manata turistlərin ixtiyarına verilir. Yəni qiymətlər hamı üçün əlverişlidir. Kəndlərə üz tutanlar isə ayrıca otaq və ev kirayə etməklə istirahət edirlər.

Yay  mövsümünün başlanması ilə əlaqədar ölkəmizin cənub,  şimal və şimal-qərb bölgələrinə turizm axını başlayıb. Bu canlanma “Şahdağ” yay-qış turizm  kompleksində, Qubanın, Qusarın, Gəncənin, Göygölün, Lənkəranın, Balakənin, Qaxın, Şəkinin, Naftalanın  istirahət və müalicə müəssisələrində də  özünü göstərir.

Vurğulamaq lazımdır ki, Azərbaycanda bir çox istirahət və müalicə müəssisələri var ki, onlar Avropa standartlarına  tam uyğundur. Naftalandakı “Qaşaaltı” sanatoriyası isə Avropanın ən məşhur müalicə müəssisələri ilə eyni sırada durur. Bura dünyanın ən müxtəlif ölkələrindən gəzməyə və müalicəyə gələnlərin sayı ildən- ilə artmaqdadır. Türkiyədən, İrandan,  Rusiyadan, Əfqanıstandan, Monqolustandan, Pakistandan, ərəb ölkələrindən, hətta uzaq Hindistandan “Qaşaltı”ya müalicəyə gələnlər də az deyil.  Yaşıl meşələrin əhatəsində olan Qəbələ turist gəzintisi üçün ən maraqlı məkanlardan biri kimi diqqəti cəlb edir. Buradakı sıldırım qayalı dağlar, sərin bulaqlar, güllü-çiçəkli çəmənliklər görənləri valeh edir.

 Dünyanın tanınmş musiqi xadimlərinin konsertlərinin  bu məkanda təşkil edilməsi artıq ənənə halını alıb. Burada keçirilən beynəlxalq müsabiqələrdə və festivallarda iştirak etmək üçün hər il yüzlərlə musiqiçi və həvəskarlar turist kimi Qəbələni ziyarət edirlər.

Yay istirahətini maraqlı keçirmək  istəyənlər bu məkanlara  və digər gəzməli yerlərə tələsirlər. Bu yerlərdə onlar üçün yüksək mədəni xidmət, mənalı istirahət, gəzinti və maraqlı yay  əyləncələri yaradılıb.

Vəli İlyasov,

“İki sahil”