30 avqust 2017 16:44
776

7 ayda ölkəyə 1 milyon 500 mindən çox turist gəlib

Ötən 7 ayın statistik mənzərəsinə baxsaq görərik ki, ölkəyə 1 milyon 513 min turist gəlib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz artım deməkdir. İyul ayında 330 min turist gəlib ki, bu da sözügedən müddət ərzində ən çox turistin gəldiyi aydır. Ən çox turist gələn ölkələrin siyahısında Rusiya birincidir ki, bu da təxminən 500 minə yaxın turist deməkdir. Fars körfəzi ölkələrindən gələn turistlərin sayında da ciddi artım müşahidə olunur. Digər sevindirici məqam ondan ibarətdir ki, qonşu ölkələrdən - Gürcüstan və Türkiyədən, eləcə də İrandan gələn turistlərin sayında da artım nəzərə çarpır.

AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.

O, turizmdən gələn gəlirin ümumdaxili məhsulun 4,1 faizini təşkil etdiyini vurğulayaraq ölkəyə gələn turistlərin xərclədikləri vəsaitə də toxunub: “Ölkəyə gələn turistlərin qalma müddətinə baxdıqda ən az 5-7 günlük səfər proqramları təşkil etdikləri görünür. Bunun da 3-4 gününü Bakıda, digər günlər isə paytaxta daha yaxın olan regionlara səfər edirlər. Azərbaycana gələn hər bir turist 700-1000 ABŞ dolları məbləğində vəsait xərcləyir. Turizmi yüksək səviyyədə inkişaf etmiş ölkələrin rəqəmlərinə baxsaq bu təxminən eynidir”.

Şöbə müdiri turizm yalnız gecələmə, bələdçi, iaşə xidməti obyektlərindən ibarət olmadığını qeyd edərək bildirib ki, məqsəd turistlərin bu xərclərinin artırılması üçün əlavə xidmətlər təklif etməkdir. Diqqətə çatdırıb ki, Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət istiqamətinə uyğun olaraq bu gün ölkədə kifayət qədər festivallar, mədəni tədbirlər keçirilir, turistləri cəlb edəcək turizm məhsullarının sayı artırılır.

Vüqar Şıxəmmədov vurğulayıb ki, dünya artıq Azərbaycanı regionda turizm ölkəsi kimi qəbul edir.