21 iyun 2018 22:45
2577

Ölkəmizin turizm mənzərəsi: 182 ölkədən 847,6 min turist

Son illər Azərbaycanın ümumi inkişafı ilə paralel olaraq turizim sahəsi də özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Düzdür, bu istiqamətdə görüləcək işlərin hələ çoxdur. Lakin təqdirəlayiq haldır ki, son illərdə dövlət tərəfindən ən gəlirli sahələrdən sayılan turizmin inkişafı üçün ciddi işlər görülməkdədr. Sözsüz ki, turizmdə birinci məsələ ölkənin regionda və dünyada maksimum səviyyədə tanıdılmasıdır. Bu mənada Azərbaycanda keçirilən “Eurovision”, I Avropa Oyunları, Formula-1, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbir və sərgilər ölkəmizin coğrafi məkan kimi dünyaya tanıdılmasında əhəmiyyətli rol oynayır və ölkəyə turist axınını gücləndirir. Dövlət tərəfindən sözügedən sahənin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli islahatlar aparılır, Dövlət proqramları qəbul edilir. “Azərbaycan Respublikasında 2007-2016-ci illər üçün turizmin inkişafına dair Dövlət Proqramı” müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun turizmdə dövlət siyasətinin həyata keçirilməsini, onun ölkə iqtisadiyyatının öncül istiqamətlərindən biri kimi tanınmasını və səmərəliliyinin artırılmasını təmin edib. Digər tərəfdən, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” ümumilikdə ölkədə turizmin inkişafına daha geniş yollar açıb.

Təbii ki, qarşıda görüləcək işlər çox olsa da, hazırkı mərhələdə həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana dünyanın 182 ölkəsindən 847,6 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox turist gəlib. Gələnlərin 28,3 faizi Rusiya, 21,9 faizi Gürcüstan, 13,4 faizi İran, 11,3 faizi Türkiyə, 4,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Ukrayna, 1,9 faizi İraq, 16,5 faizi isə digər ölkələrin vətəndaşlarıdır. Onların 66,8 faizini kişilər, 33,2 faizini isə qadınlar təşkil edib. Turistlərin 22 faizi yanvar, 19,6 faizi fevral, 32,7 faizi mart, 25,7 faizi isə aprel ayında ölkəmizə səfər edib.

Cari ilin yanvar-aprel aylarında Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,4, Bəhreyn vətəndaşlarının sayı 2,6, Qətər vətəndaşlarının sayı 2 Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2, Oman vətəndaşlarının sayı 1,6, İraq vətəndaşlarının sayı 1,6, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,2 dəfə artıb.

2018-ci ilin yanvar-aprel aylarında ölkəmizə Avropa İttifaqı və MDB ölkələrindən gələnlərin sayında da ciddi artım müşahidə olunub. Belə ki, müvafiq olaraq Avropa ölkələrindən gələnlərin sayı 12,4 faiz artaraq 32 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,4 faiz artaraq 284,9 min nəfər olub.

Taleh Bağırov, “İki sahil”