28 aprel 2017 20:50
1165

Azərbaycanda gənclər siyasətinin formalaşdırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Aprelin 28-də Bakı Slavyan Universitetində (BSU “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, konfrans BSU-nun və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Əvvəlcə dövlət himni səsləndirilib.

BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri gənc nəslə diqqət və qayğının artırılması, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olub. Təhsilə və elmə yiyələnməyin vacibliyini vurğulayan Nurlana Əliyeva gənclərin mənəvi tərbiyəsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edib.

Digər çıxış edənlər ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən, bu sahədə görkəmli dövlət xadiminin misilsiz xidmətlərindən söz açıblar.

Bildirilib ki, Azərbaycanda gənclər siyasətinin formalaşdırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider hər zaman gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib.

Ulu Öndərin gənclərə qayğısından bəhs edən videoçarx nümayiş olunub.

Konfrans işini dörd bölmədə davam etdirib.