24 noyabr 2017 23:26
1221

BSU “Caucasus International” jurnalı ilə əməkdaşlıq edəcək

“Caucasus International” jurnalının baş redaktorunun müavini İlqar Qurbanov Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva ilə görüşüb.

BSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Sonra tələbələrlə görüşən İ.Qurbanov “Caucasus International”ın digər ölkələrin elmi strukturları ilə sıx əlaqələrə malik olduğunu, xarici ölkələrdəki səfirliklərimiz vasitəsilə dünyaya yayıldığını bildirib. O, jurnalın yaradıcı və texniki heyət üzvlərinin bəzilərinin xarici ölkələrdə yaşadığını, beynəlxalq təcrübəni yaxşı bildiklərini diqqətə çatdırıb.

İ.Qurbanov jurnalın “Tomson Reuters” kimi nüfuzlu beynəlxalq elmi bazaya düşməsi üçün artıq sənədlərin hazırlandığını vurğulayıb. Qeyd olunub ki, bu məsələ jurnalın yaradıcı heyəti üçün son dərəcə əhəmiyyətlidir. Belə ki, Ali Attestasiya Komissiyanın doktorantların qarşısına qoyduğu tələblərdən biri də “Tomson Reuters” bazasına düşən jurnalda məqalə çap etdirməkdir. O deyib: “Bu məsələ gənc müəlliflər üçün böyük çətinliklər yaradır. Jurnalımız həmin bazaya düşdüyü halda, bu çətinlik aradan qalxacaq. Bir tərəfdən gənclərimiz beynəlxalq elmi müstəviyə çıxa biləcək, digər tərəfdən isə texniki problemlər aradan qalxacaq”.

Baş redaktorun müavini jurnalın qonorar fondunun olduğunu və elmə həvəsi olan insanların bundan yararlana biləcəyini diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) tələbələrin müxtəlif dillər üzrə təcrübə keçmələrinin mümkünlüyünü bildirib.

Xatırladaq ki, jurnalın təsisçisi SAM-dır. 2008-ci ildən nəşr olunan jurnal ildə iki dəfə ingilis dilində dərc edilir.