04 may 2018 20:29
1965

Bir damla qan, qurtarılan bir can

«Veysəloğlu Qrup» regionlarda qanvermə aksiyasını davam etdirir

Talessemiya və Hemofiliya irsi qan xəstəliyidir və bu xəstəliyin müalicə olunmasında qanköçürmə prosesi mühüm rol oynayır. Hemofiliya və talessimiyalı xəstələri qanla təmin etmək üçün «Veysəloğlu» Şirkətlər Qrupu mütəmadi olaraq «Bir damla qan, qurtarılan bir can» şüarı ilə qanvermə aksiyaları keçirir. Növbəti belə bir aksiya şirkətin Mingəçevir lokal ofisində baş tutub. Belə ki, Respublika Mərkəzi Qan Bankının həkim heyətinin müşayiəti ilə aprel ayının son həftəsi ərzində «Veysəloğlu Qrup»un Mingəçevir, Bərdə, Göyçay, Şəki, Gəncə və Tovuz filiallarında 100-ə yaxın əməkdaş donor kimi iştirak edib.

Xatırladaq ki, «Veysəloğlu» Şirkətlər Qrupu mart ayında da mərkəz ofisində qanvermə aksiyası təşkil edib. Həmin xeyriyyə aksiyasında 200-ə yaxın şirkət əməkdaşı qan verərək, talassemiya xəstəliyindən əziyyət çəkənlərə, eyni zamanda, bədbəxt hadisə nəticəsində yaralanan insanlara dəstək olub.

Məlumat üçün qeyd edək ki, talassemiya dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talasemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi insanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur. Ona görə də dünyada milyonlarla insan bu cür xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütəmadi qan vermə aksiyalarına qoşulur. 

Orxan Vahidoğlu, «İki sahil»