11 aprel 2016 16:49
714

Azərbaycanın Dövlət müşavirinin məqaləsi Fransa mətbuatında

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Ümummilli lider Heydər Əliyev Azərbaycanda multikulturalizmin siyasi banisidir” adlı Azərbaycan multikulturalizminin siyasi və hüquqi əsaslarından bəhs edən məqaləsi Fransanın “L’express” (www.lexpress.fr) portalında yayılıb.

“L’express” Fransada həftəlik dərc olunan nüfuzlu ictimai-siyasi və sosial-mədəni jurnaldır.

Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən Azərbaycanda dərin tarixi keçmişə malik olan multikultural ənənələrin siyasi və hüquqi bazasının yaradılması və bunun müasir Azərbaycanda multikulturalizmin dövlət siyasətinə çevrilməsi prosesi üçün əsaslı zəmin yaratması qeyd edilib.

Müəllif məqalədə qeyd edir ki, “Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Ulu Öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda, Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü”.

Azərbaycan xalqının multikultural ənənələrinin qorunması, ölkəmizdə yaşayan bütün etnik və dini toplumların dil, din və mədəniyyətinin inkişaf etdirilməsi sahəsində həyata keçirilən dövlət siyasətinin yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, Prezidentin təşəbbüsü və iştirakı ilə multikulturalizmin dünyada yaşamına haqq qazandıran beynəlxalq tədbirlər haqda məqalədə ətraflı bəhs edilib.

Məqalədə Azərbaycanda dövlət siyasətinin vacib komponentlərindən birinə çevrilən multikulturalizmin Azərbaycan modelinin müxtəlif aspektlərdən öyrənilməsi, dünyada təbliği məqsədilə atılan konkret addımlardan, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasından, ölkəmizi dünyada tolerantlıq və multikulturalizm məkanı kimi təqdim etmək işində yorulmaz fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondunun gördüyü işlərdən bəhs edilir.